Rauf AbdullazadeRauf AbdullazadeBiznes analitik
Ana səhifəHaqqındaYazılarXidmətlər
Yazılar

Analitik və Strateji inkişaf üzrə mütəxəssis

HaqqımdaYazılarXidmətlər

© 2026 Rauf Abdullazade. Bütün hüquqlar qorunur.

Rauf AbdullazadeRauf AbdullazadeBiznes analitik
Ana səhifəHaqqındaYazılarXidmətlər
Yazılar
Bloq

Yazılar və analizlər

Data analitika, psixologiya, fəlsəfə, yaradıcılıq və idarəetmə mövzularında praktiki məqalələr. Oxumaqla praktiki bilik və analitik düşüncə qazanın.

Daxili Davranış Çərçivələri və Dəyişiklik Qarşısında Psixoloji MüqavimətPsixologiya

Daxili Davranış Çərçivələri və Dəyişiklik Qarşısında Psixoloji Müqavimət

Giriş

Bu yazıda insanların niyə dəyişikliyə qarşı çıxdığı, bunun psixoloji səbəbləri və liderlərin dəyişikliyi necə daha asan tətbiq edə biləcəyi izah olunur. Məqsəd, dəyişiklik qarşısındakı reaksiyaların təsadüfi deyil, tamamilə təbii və sistemli olduğunu göstərməkdir.

Daxili davranış qəlibləri necə yaranır?

Hər bir insanın davranışları vaxt keçdikcə formalaşan daxili qaydalar üzərində qurulur. Bunlar vərdişlər, inanclar, keçmiş təcrübələr və ətrafdan öyrəndiklərimizdir. Bu daxili quruluş insana təhlükəsizlik hissi verir və qərar qəbul etməkdə yol göstərir. Məhz bu təhlükəsizlik ehtiyacı səbəbindən insanlar öz davranış qəliblərini dəyişməkdə çətinlik çəkirlər.

Dəyişiklik qarşısında müqavimət

Kənardan gələn bir müdaxilə bu daxili qaydaları pozmağa çalışanda, insanlar avtomatik olaraq müqavimət göstərir. Bu müqavimət inadkarlıq deyil, psixoloji müdafiə mexanizmidir. Dəyişiklik insanın mövcud rahatlığını və sabitliyini təhdid edəndə qorxu yaranır. Bu qorxu şikayət, qəzəb, aqressiya, nifrət və ya passiv müqavimət (etiraz etmədən işləri ləngitmək) kimi çıxa bilər.

Müqavimətin psixoloji mərhələləri

Tədqiqatlar göstərir ki, müqavimət dəyişiklik prosesinin təbii hissəsidir. Proses adətən üç mərhələdən keçir:

1. Rədd etmə - insan yeniliyi qəbul etmir.

2. Qəbul etmə - insan tədricən dəyişikliyə alışmağa başlayır.

3. Daxililəşdirmə - yeni davranış insanın öz daxili sistemi halına gəlir.

Düzgün idarə olunan dəyişikliklərdə ilkin müqavimət zamanla azalır və qəbul mərhələsinə keçilir.

Liderlik və yeni davranış qəlibləri yaratmaq

Liderlərin əsas vəzifələrindən biri yeni davranış qaydaları yaratmaq və bunun zamanla “normal” hala gəlməsini təmin etməkdir. Burada ən vacib məqam: müqavimət anında liderin öz mövqeyini qorumasıdır. Yeni qayda müəyyən edildikdən sonra, insanların emosional reaksiyalarından asılı olmayaraq, bu qayda ardıcıl şəkildə tətbiq olunmalıdır. Davamlılıq insanların köhnə vərdişlərə qayıtmaq imkanını azaldır və yeni vəziyyətə uyğunlaşmanı sürətləndirir.

Davamlı təmas və alışma prosesi

İnsan yeni qayda ilə nə qədər çox qarşılaşsa, ilkin emosional reaksiyalar bir o qədər zəifləyir. Əgər bu mərhələdə lider geri çəkilməzsə, müqavimət azalır və insan yeni davranışı qəbul etmək məcburiyyətində qalır. Əsas qayda budur: insan tamamilə uyğunlaşana qədər ona köhnə qaydalara qayıtmağa imkan verməmək.

Nəticə

Dəyişiklik əvvəlcə qorxu və müqavimət yaradır, lakin ardıcıl və düzgün idarə olunarsa, bu müqavimət zamanla qəbul və hətta sadiqliyə çevrilə bilər. Uğurlu liderlər insanların əvvəlcə dəyişikliyə qarşı çıxacağını bilən, lakin prosesi əldən verməyərək onları dəyişikliyin tərəfdarına çevirən şəxslərdir.

Davam et
Psixoloji Sabitlik, Şəxsiyyətin Kimlikəri və Özgüvən haqqındaPsixologiya

Psixoloji Sabitlik, Şəxsiyyətin Kimlikəri və Özgüvən haqqında

Bu yazının məqsədi insan davranışlarında müşahidə olunan situativ dəyişkənliyin psixoloji əsaslarını izah etmək, şəxsiyyətin çoxqatlı strukturu ilə davranış sabitliyi arasındakı əlaqəni elmi çərçivədə təhlil etmək və fərdin situasiyalara uyğun davranış performansını necə artıra biləcəyini nəzəri və praktik baxımdan ortaya qoymaqdır. Yazı, fərdin müxtəlif şəraitlərdə niyə fərqli reaksiyalar verdiyini açıqlamaqla yanaşı, şəxsiyyət kimliyinin şüurlu şəkildə müəyyənləşdirilməsinin özgüvən, qərarvermə və sosial effektivlik üzərindəki təsirini izah etməyi hədəfləyir.

Giriş

İnsan davranışlarının sabit olmaması və müxtəlif situasiyalarda fərqli reaksiyalarla ortaya çıxması psixologiya və sosial davranış elmlərinin əsas tədqiqat mövzularından biridir. Eyni fərdin bir şəraitdə yüksək özgüvənli, enerjili və qərarlı, başqa bir şəraitdə isə tərəddüdlü və passiv davranması zahirdə paradoksal görünsə də, bu hal insan psixikasının çoxqatlı strukturu ilə birbaşa əlaqəlidir.

Psixoanalitik yanaşmalar və müasir şəxsiyyət nəzəriyyələri göstərir ki, insan tək, vahid bir şəxsiyyətdən ibarət deyil; əksinə, müxtəlif kontekstlərdə aktivləşən daxili “kimliklər” sisteminə malikdir.

Problemin İzahı

Empirik müşahidələr göstərir ki, insanlar müəyyən situasiyalarda olduqca funksional və effektiv davranış nümayiş etdirir, lakin başqa hallarda qərarsızlıq və davranış keyfiyyətinin azalması ilə üzləşirlər. Bu dəyişkənliyin əsas səbəblərindən biri, fərdin hansı şəxsiyyət rolunda hərəkət etdiyini dəqiq müəyyənləşdirə bilməməsidir.

Fərd eyni anda bir neçə daxili şəxsiyyət parçasını aktiv saxlamağa çalışdıqda, psixoloji fokus pozulur. Nəticədə davranışlar nə tam uyğunlaşmış, nə də məqsədyönlü olur. Bu vəziyyət metaforik olaraq “tozlu və dumanlı” bir psixoloji sahə yaradır: enerji bölünür, diqqət dağılır və performans aşağı düşür.

Şəxsiyyətin Dəqiqləşdirilməsi və Özgüvən Arasındakı Əlaqə

Davranış sabitliyinin və özgüvənin əsas şərtlərindən biri, fərdin situasiya daxilində hansı kimlik çərçivəsində fəaliyyət göstərdiyini şüurlu şəkildə bilməsidir. Şəxsiyyət çərçivəsi dəqiqləşdikcə, davranışlarda ardıcıllıq və daxili uyğunluq yaranır.

Sadə ifadə ilə desək, “hansı rolda olduğunu bilmək” insanın psixoloji resurslarını bir mərkəzdə cəmləyir. Bu cəmləşmə isə avtomatik olaraq özgüvən hissini gücləndirir və qərarvermə prosesini sürətləndirir.

Praktik Nümunə

Məsələn, təsəvvür edin ki, adi bir gəzinti zamanı özünüzü gizli bir agent kimi təsəvvür edirsiniz və konkret bir hədəfi müşahidə edirsiniz. Bu rol beyninizdə aktivləşdiyi anda duruşunuz, baxışlarınız, hərəkət ritminiz və diqqət səviyyəniz dəyişir.

Bu mexanizm təsadüfi deyil. Beyin seçilmiş rolun davranış modelini avtomatik şəkildə işə salır. Eyni yanaşmanı iş görüşmələrində, ictimai çıxışlarda, satış proseslərində və ya liderlik mövqelərində tətbiq etmək mümkündür. Burada əsas məsələ rolun təsadüfi deyil, bilincli şəkildə seçilməsidir.

Nəticə

Fərdin situasiyalara uyğun kimliyi şüurlu şəkildə seçməsi yalnız davranış keyfiyyətini artırmır, eyni zamanda daxili psixoloji enerjinin dağılmasının qarşısını alır. Şəxsiyyətin formalaşdırılması və dəqiqləşdirilməsi prosesi psixoloji stabillik, sosial effektivlik və peşəkar performans baxımından fundamental əhəmiyyət daşıyır.

Davam et
Hərəkət və Yekun haqqındaFəlsəfə

Hərəkət və Yekun haqqında

Giriş

Bu yazının məqsədi insan varlığını hərəkət anlayışı üzərindən təhlil etmək, yaradıcılığı hərəkətin yekun və mənalandırılmış forması kimi izah etmək, eləcə də iradə, şüur və Tanrısal yaradılış arasındakı əlaqəni fəlsəfi müstəvidə əsaslandırmaqdır. Məqalə həyatın statik deyil, dinamik və prosesual mahiyyət daşıdığını göstərməyi, yaradıcılığın isə bu prosesin şüur səviyyəsində formaya düşmüş ifadəsi olduğunu ortaya qoymağı hədəfləyir.

Hərəkət və Həyat Anlayışı

Həyat mahiyyət etibarilə hərəkətlərdən ibarətdir. Hərəkət dayandığı anda həyat da funksional mənada dayanır. İnsan varlığı – düşüncə, duyğu, istək və məqsədlər hər biri hərəkətin müxtəlif formaları və mərhələləri kimi təzahür edir. Hər bir fikir və arzu insan daxilində yaranan iradənin son nöqtəsi, yəni hərəkətə çevrilmiş halıdır. Bu baxımdan insan mövcudluğu passiv vəziyyət deyil, daimi axın və yönəlmişlik halıdır.

Hərəkətin Gizli Formları

Hərəkət yalnız fiziki aktlarla məhdudlaşmır. O, bəzən düşüncədə, bəzən qərarda, bəzən isə sadəcə bir baxışda özünü göstərir. Zahirdə sadə görünən bu hərəkətlər, əslində, dərin bir daxili yaradıcılığın səssiz ifadəsidir. Maddi və mənəvi səviyyədə baş verən bütün hərəkətlər müəyyən bir istiqamətə yekuna doğru axır. Bu istiqaməti müəyyən edən əsas faktor isə insanın daxilindəki iradə və şüurdur.

Yaradıcılıq Hərəkətin Yekunu Kimi

Yaradıcılıq, dağınıq haldakı hərəkətlərin və enerjinin bir nöqtədə cəmlənməsi, formaya salınması və mənaya çevrilməsi prosesidir. O, sadəcə yeni bir obyektin və ya ideyanın yaranması deyil; varlığın öz hərəkətini dərk etməsi və onu şüurlu yekuna çevirməsidir. Yaradıcılıq bu mənada hərəkətin öz sonluğunu tapdığı məqamdır.

Yaradıcı Akt və Dövri Proses

Yaradıcılıqda ortaya çıxan hər bir yeni forma, əslində, artıq mövcud olan hərəkətlərin yeni kombinasiyasıdır. Bu akt həm başlanğıcı, həm də sonu özündə birləşdirir. Hər bir yaradıcı nəticə iradənin öz limitində formalaşmış yekundur. Lakin hərəkət bu nöqtədə dayanmaz; əksinə, həmin yekun yeni bir başlanğıca çevrilərək hərəkətin növbəti mərhələsini yaradır. Beləliklə, yaradıcılıq həm son, həm də başlanğıcdır və varlığın dövri tənəffüsünü xatırladır.

Tanrı, Yaradıcılıq və Mütləq Hərəkət

Əgər Tanrının mövcudluğu qəbul edilirsə, onda bütün hərəkətlərin mənşəyi və sonu Tanrısal iradəyə bağlanır. Tanrı bu baxımdan Yaradıcılığın mütləq formasıdır. O, bütün hərəkətləri özündə birləşdirərək yekuna çevirmiş və aləmi bu yekunun təcəssümü kimi yaratmışdır. Mövcud olan hər bir varlıq, hər bir düşüncə və hər bir nəfəs Tanrının yaratdığı hərəkətin davamı kimi dəyərləndirilə bilər.

İnsanın Yaradıcılığı və Tanrısal Əks

İnsanın yaradıcılığı Tanrısal yaradıcılığın məhdud və nisbətli bir əksidir. İnsan hərəkət etdikcə, düşündükcə və formalaşdırdıqca, Tanrının yaratma halını öz ölçüsündə təcrübə edir. Bu mənada yaradıcılıq insanın Tanrıya yaxınlaşma forması kimi də şərh oluna bilər; çünki insan hərəkəti mənaya, mənanı isə varlığa çevirir.

Nəticə

Nəticə olaraq, həyat hərəkətin sonsuz axınıdır, yaradıcılıq isə bu axının müəyyən bir anda şüurda və təsəvvürdə yekuna çevrildiyi məqamdır. Hərəkətsiz həyat mümkün olmadığı kimi, hərəkətin mənaya çevrildiyi nöqtə də həyatın dərinliyini üzə çıxaran əsas göstəricidir. İnsan yaşamı, hərəkətlər və bu hərəkətlərdən yaranan yekunlar üzərində qurulur. Növbəti mərhələdə isə hərəkətin yekuna doğru axını və iradənin bu proses üzərindəki müəyyənedici rolu daha dərindən təhlil edilə bilər.

Davam et
Nüfuzun gücüPsixologiya

Nüfuzun gücü

Giriş

Bu yazının məqsədi insanla insan arasındakı nüfuzun nə olduğunu, hansı mexanizmlərlə formalaşdığını və gündəlik həyatımızda hansı rolları oynadığını izah etməkdir. Məqalə boyunca anlayışı hisslərə deyil, səbəb-nəticə əlaqələrinə söykənərək izah edəcəyik ki, oxucu nüfuzu sadəcə “təsir” kimi deyil, idarə olunan bir proses kimi dərk edə bilsin.

“Nüfuz” ərəb mənşəli söz olub “keçmək”, “daxilə işləmək” mənalarını verir. Latın dilindəki influare “içəri axmaq”, ingilis dilindəki influence isə “təsir göstərmək” anlamını daşıyır. Bu etimoloji mənalar bizə göstərir ki, nüfuz sadəcə kənardan edilən bir təsir deyil, bir şeyin digərinin daxilinə axaraq onun daxili mexanizmlərinə toxunmasıdır.

Buradan belə bir sual yaranır: Nüfuz nədir və necə var olur?

Şüurlu nüfuz nədir?

Şüurlu nüfuz bir iradənin digər iradənin təsirinə düşməsi deyil, onunla eyni istiqamətdə axmağa başlamasıdır. Bu prosesdə təsir edən tərəf qarşı tərəfin qərar mexanizminə daxil olur və onu yönləndirə bilir. Nüfuz iradənin seçimlərinə təsir göstərir və zamanla bu seçimləri formalaşdıran əsas amillərdən birinə çevrilir.

Vacib bir məqamı ayırd etmək lazımdır: hər təsir nüfuz deyil. Təsir ani ola bilər, nüfuz isə davamlı və dərin xarakter daşıyır.

Şüurlu nüfuzun mövcud olması üçün eyni anda üç əsas elementin bir arada olması vacibdir:

1. Cism

2. Yol

3. Məruz qalma

Bu üç elementdən hər hansı biri olmadıqda nüfuz ya zəifləyir, ya da ümumiyyətlə formalaşmır.

Cism-nüfuzun mənbəyi

Cism nüfuzun qaynaqlandığı mənbədir. Bu bir insan, ideya, fikir sistemi, davranış modeli və ya simvol ola bilər. Cismin əsas xüsusiyyəti onun iradəyə sahib olması və ya iradəni təmsil etməsidir.

Şüuru olmayan obyektlər təsir edə bilər, lakin nüfuz yarada bilməz. Nüfuzun yaranması üçün təsirə məruz qalan iradə qarşı tərəfin iradəsini öz dəyərlərindən üstün və ya ən azı daha doğru qəbul etməlidir. Yəni nüfuz həmişə inanc və qiymətləndirmə mexanizmi üzərindən qurulur.

Yol-nüfuzun ötürülmə kanalı

Yol iradələr arasında qurulan əlaqədir. Bu əlaqə ortaq dəyərlər, inanclar, məqsədlər və ya həyat baxışları vasitəsilə formalaşır. Yol nə qədər aydın, fasiləsiz və güclüdürsə, nüfuz da bir o qədər stabil olur.

Əgər yol yoxdursa, cism nə qədər güclü olsa da nüfuz ötürülə bilməz. İradə yalnız özünə yaxın olan, tanış gələn və mənəvi uyğunluq hiss etdiyi mənbədən gələn təsiri sorğulamadan qəbul edir.

Məruz qalma-nüfuzun aktivləşməsi

Məruz qalma qarşı tərəfin bu təsirə açıq olmasıdır. Bu açıq olma könüllü də ola bilər, qeyri-könüllü də. İnsan bir fikrə, bir davranış modelinə və ya bir şəxsə davamlı məruz qaldıqda, zamanla həmin nüfuz onun qərar mexanizminə daxil olur.

Məruz qalma davamlılıq qazandıqda nüfuz artıq xarici təsir olmur, daxili səsə çevrilir.

Bu mexanizmi daha aydın başa düşmək üçün bir nümunəyə baxaq.

e ə. V əsrdə Afina şəhəri hərbi gücü, demokratiyası və fəlsəfəsi ilə Yunan dünyasının mərkəzi idi. Şəhərdə qanunlar vardı, müəllimlər vardı, natiqlər vardı. Lakin bu qurulmuş sistemin içində səssiz, vəzifəsiz, yazılı əsəri olmayan bir insan dolaşırdı: Sokrat.

Sokrat nə sərkərdə idi, nə siyasətçi, nə də rəsmi müəllim. Onun əlində nə qanun vardı, nə kürsü, halbuki Afina gəncliyinin düşüncə tərzi yavaş-yavaş onun sözləri ilə dəyişirdi.

Cism: Sokrat və insanlar

Sokrat nüfuzun cismini təşkil edirdi. O, sadəcə fikir deyən biri deyildi; düşünməyə məcbur edən iradə idi. Sokrat özünü “bilən” kimi təqdim etmirdi. Əksinə, “bilmədiyini bilən” mövqedə dayanırdı. Bu mövqe onu gənclərin gözündə fərqli və etibarlı edirdi.

Onun əsas gücü vəzifədə yox, mənəvi mövqedə idi.

Yol: ortaq dəyərlər  və düşüncələr üzərindən qurulan bağ

Afina gəncliyi cəsarətli, sorğulayan və azad düşüncəyə meyilli idi. Sokrat da məhz bu dəyərlər üzərindən onlarla ünsiyyət qururdu. O, gənclərlə mübahisə etmir, onlara nəsihət vermirdi. Suallar verirdi.

Bu suallar gənclərin içində artıq mövcud olan şübhə və axtarış hissi ilə üst-üstə düşürdü. Beləcə Sokratla gənclər arasında görünməz, lakin güclü bir yol formalaşdı.

Məruz qalma: davamlı və könüllü təsir

Sokrat dərs demirdi, halbuki hər gün Agora meydanında idi. Gənclər onu könüllü olaraq dinləyir, onunla danışır, suallarına cavab axtarırdı. Bu davamlı məruz qalma nəticəsində Sokratın sual vermə tərzi onların düşüncə mexanizminə çevrildi.

Artıq gənclər təkcə Sokratla danışanda yox, öz-özlərinə də onun kimi soruşmağa başlamışdılar. Beləliklə Sokrat insanlar üzərində nüfuz yaratmışdı. Şəxslərin sayı çoxaldıqdan sonra təhlükə olaraq qəbul edilib, edam edilmişdi.

Tarixi mənbələrdə böyük və idarəedilən kütlələrə aid misallar həddən artıq çoxdur.

Növbəti yazılarda Nüfuzun qəlibləri və insanın nüfuza məruz qaldıqdan sonra həmin qəlibdəki hərəkətləri, nüfuzun liderliyə çevrilməsi ilə bağlı düşüncələrimizi anlatmağa çalışacağıq.

Davam et
Sürətli Dərk Etmə və Öyrənmə TexnikalarıFərdi İnkişaf

Sürətli Dərk Etmə və Öyrənmə Texnikaları

Giriş

Bu yazının məqsədi mövzuları sürətli dərk etmək və anlamaq üçün istifadə etdiyim düşünmə texnikalarını sizinlə bölüşməkdir. Yazı oxucuya sadəcə fikir yox, öyrədən, mərhələli və sistemli bilik təqdim edir.

Tez tez “Necə bu qədər şey öyrənə bilmisən?”, “Necə sürətli qavrayırsan?”, Nə qısa zamanda öyrəndin? sualları verilir.

Uşaqlıqdan bəri müxtəlif elm və məişət sahələri ilə ilk tanışlığım zamanı mürəkkəb detallar içində itib-batmaq əvəzinə, mövzunun əsasını tutmağa çalışmışam. Bu yanaşma mənə hər hansı bir ixtisas və ya sahə üzrə bilikləri qısa müddətdə dərk edib praktik icraya başlamağa imkan verib. Nəticədə isə özümü tanıdığım qədəri ilə müxtəlif sahələr üzrə dünya görüşü formalaşıb.

Bəs bu proses necə işləyir?

Sürətli dərk etmənin əsas prinsipi.

Sürətli anlama məlumatı çox oxumaqla və ya məruz qalmaqla yox, düzgün sualları düzgün ardıcıllıqla verməklə mümkündür. Mənim üçün dərk prosesi aşağıdakı mərhələlərdən ibarətdir.

1. “Bu nədir?” sualı,

2. “Necə işləyir?” və ya “Necə yaranır?”,

3. Əvvəlki oxşar anlayışlarla əlaqələndirmə, bənzətmə.

Mərhələ 1. Bu nədir?

Hər hansı bir mövzu ilə ilk dəfə qarşılaşdıqda, bütün mürəkkəblikləri, terminləri və istisnaları kənara qoyulur. Qısa və lokanik cavab yaradılır. Cavabın əhatəli, geniş və aydın olmasına ehtiyac yoxdur.

Misal: Cazibə qüvvəsi nədir? Cavab: Hər bir şey bir birini çəkir. Topu atırıq yer onu özünə çəkir.

Mərhələ 2. Bu necə işləyir və ya yaranır?

Mövzunun nə olduğunu anladıqdan sonra ikinci addım onun mexanizmini dərk etməkdir.

Burada verilən əsas suallar:

  • Bu necə işləyir?

  • Hansı addımlarla yaranır?

  • Daxilində hansı əsas elementlər var?

Bu mərhələdə detal artır, amma hələ də məqsəd tam əzbərləmək yox, səbəb-nəticə əlaqəsini görməkdir.

Əgər mexanizmi izah edə bilirsənsə, mövzu artıq passiv məlumat deyil, aktiv biliyə çevrilir.

Misal: Cisimlərin kütləsi və məsafəsi bu qüvvəyə təsir edir. Daha böyük cisim, daha çox cazibə qüvvəsi deməkdir. Təsir baxımından həcmi və kütləsi daha çox olan cism məsafə yaxınlaşdıqca balaca cism üzərində daha çox çəkim gücünə malik olur. Ayda cisimlər yerdəkindən daha yüngül olur, çünki Ayın kütləsi daha kiçikdir. Yəni, gravitasiya deməkdir ki, bütün cisimlər bir-birini çəkir və bu qüvvə kütlə ilə artır.

Mərhələ 3. Əvvəlki oxşar anlayışlarla əlaqələndirmə, bənzətmə.

İnsan beyni yeni məlumatı tamamilə sıfırdan öyrənmir. O, yeni anlayışı artıq bildiyi bir şeylə əlaqələndirərək yadda saxlayır.

Bu səbəbdən özümə mütləq bu sualı verirəm:

Bu, mənim əvvəldən bildiyim nəyə bənzəyir?

Bu mərhələ anlayışı zehində möhkəmləndirir və unutma riskini azaldır.

Misal: Cazibə qüvvəsi bir növ iki maqnitin bir birini çəkməsi kimidir məsafə uzaqlaşanda təsir azalır. Sadəcə bu kütlələr arasında fərq olduqda meydana gəlir.

Nəticə

Sürətli dərk xüsusi istedad deyil, təkrarlanan düşünmə vərdişidir. Düzgün suallar, düzgün ardıcıllıq və sadələşdirmə bacarığı ilə istənilən mövzu qısa müddətdə anlaşılan hala gətirilə bilər.

Bu yanaşma mənə müxtəlif sahələrdə rahat hərəkət etmək, yeni bilikləri qorxmadan öyrənmək və onları praktikaya çevirmək imkanı verib.

Əgər bir mövzunu anlamaq çətin gəlirsə, problem çox vaxt mövzuda yox, yanaşmadadır.

Davam et
Eyni Hüquq və Səlahiyyətli Şəxslər Arasında Liderliyin Yaranması haqqındaPsixologiya

Eyni Hüquq və Səlahiyyətli Şəxslər Arasında Liderliyin Yaranması haqqında

Giriş

Bu məqalənin məqsədi eyni hüquq və səlahiyyətə malik şəxslər arasında liderliyin necə formalaşdığını və bu liderliyin hansı mexanizmlə idarəetməyə çevrildiyini izah etməkdir. Bu hallar əvvəldən yaradılmış nüfuzun olmadığı halları əhatə edir.

Hərəkət və yekun anlayışı

Əvvəlki yanaşmalarımda göstərilmişdir ki, iradə hərəkətləri yekuna doğru “bükür” (“Hərəkət və yekun” məqaləmə göz ata bilərsiniz). Bu nə deməkdir?

Hərəkət özlüyündə neytraldır. O, yalnız müəyyən nəticəyə istiqamətləndirildikdə məna qazanır. Yekuna bükülmə prosesi yaradıcılığın təməlidir. Çünki yaradıcılıq (“Yaradıcılıq haqqında” məqaləmə göz gəzdirə bilərsiniz) yeni bir nəticənin şüurlu şəkildə formalaşdırılmasıdır.

İradə burada iki əsas funksiya yerinə yetirir:

1.Hərəkətə qərar verir.

2.Hərəkətin istiqamətini müəyyən edir.

Qərarsızlıq da əslində qərardır. Çünki qərar verməmək mövcud vəziyyətin davamına razılıq deməkdir. Yekunu əvvəlcədən təsəvvür etməyən iradə istiqamət yarada bilməz. Əgər son nəticə bilinmirsə, hərəkətlər arasında əlaqə qırılır, fəaliyyət parçalanır, kollektiv davranış xaotik xarakter alır. Bilinməməzlik insanları qeyri-müəyyənlik vəziyyətinə salır. Qeyri-müəyyənlik isə ya passivlik, ya da sistemsiz aktivlik yaradır. Hər iki halda effektiv nəticə formalaşmır.

Eyni səlahiyyətli şəxslər arasında fərqlənmə

Eyni hüquq və səlahiyyətə malik şəxslər arasında formal iyerarxiya mövcud olmaya bilər. Lakin mövcud vəziyyəti düzgün qiymətləndirən, son nəticəni (yekun) əvvəlcədən təsəvvür edə bilən şəxs (məsuliyyətin qəbul edilməsi şəxsin fərdi ünsiyyətlərində etiraz yaratmadığı hallarda) aşağıdakı üstünlüklərə malik olur:

1.İstiqaməti müəyyən edə bilir.

2.Hərəkətləri əlaqələndirə bilir.

3.Qərarların məntiqini izah edə bilir.

Bu mərhələdə liderlik yaranır. Liderlik burada təyinatdan doğmur, o, istiqaməti görmək və onu ifadə etmək qabiliyyətindən doğur. Digər şəxslər son nəticəni aydın görmədikdə, onu görə bilən şəxsə yönəlirlər. Bu yönəlmə məcburi deyil, rasional seçimdir. Çünki qeyri-müəyyənlik şəraitində istiqamət aydınlıq yaradır.

Beləliklə:

İnformasiya üstünlüyü → istiqamət

İstiqamət → təsir 

Təsir → liderlik

Liderlik burada təsir (“Nüfuzun gücü” məqaləmə göz gəzdirin) mexanizmi kimi formalaşır. Əgər lider yalnız istiqamət göstərirsə, proses hələ şəxsi təsir səviyyəsində qalır, lakin rol bölgüsü aparıldıqda, məsuliyyət çərçivələri müəyyən edildikdə, qərar mexanizmləri sistemləşdirildikdə idarəetmə yaranır. Bu mərhələdə artıq təsir strukturlaşır.
Nəticə

Eyni hüquq və səlahiyyətə malik şəxslər arasında liderlik formal statusdan deyil, nəticəni görmək və hərəkətləri həmin nəticəyə uyğun qərarlaşdırmaq bacarığından yaranır. İradə hərəkətləri yekuna bükür >> Yekunu görə bilən şəxs istiqamət yaradır >> İstiqamət liderliyi formalaşdırır >> Məsuliyyətin strukturlaşması isə idarəetməni meydana gətirir.

Beləliklə,  məcburi yaranan iş (Hərəkətin A-dan B-ə bükülmə ehtiyacı) zamanı məsuliyyətin götürülərək yekunu görə bilmə bacarığı liderliyi yaradır, bunu sistemləşdirən şəxs isə artıq idarəetməni təşkil edir. İdaəetmənin və qərar mexanizmlərinin möhkəmləndirilməsi ilə bağlı səlahiyyət, məsuliyyət, nüfuz, hakimiyyət çərçivələrindən növbəti mövzularda danışacağıq. Bu müşahidələrimin əsas təməli əsgərlik mühitindəki qeydlərim, bəzi ictimai qruplarda etdiyim təcrübələr formalaşdırmışdır.

Davam et
İslam fəlsəfəsində unudulan daxili anlayışlar: təvəkkül, murəqəbə və insanın daxili nizamı haqqındaFərdi İnkişaf

İslam fəlsəfəsində unudulan daxili anlayışlar: təvəkkül, murəqəbə və insanın daxili nizamı haqqında

Giriş

Bu məqalənin məqsədi İslam fəlsəfəsində mühüm yer tutan, lakin müasir dövrdə ya dar dini çərçivəyə sıxışdırılan, ya da fəlsəfi məzmunu zəiflədilən bəzi anlayışların, xüsusilə təvəkkül, murəqəbə, muhasəbə və zikrin dərin idraki və etik mahiyyətini yenidən ortaya qoymaqdır. Məqsəd bu terminləri sadəcə mənəvi təcrübə kateqoriyası kimi deyil, insan şüurunun strukturunu və daxili idarəetmə mexanizmini izah edən konseptual sistem kimi təqdim etməkdir. Bu yazıda anlayış əvvəlcə mənaca açılır, sonra fəlsəfi çərçivəsi göstərilir, ardınca isə onun insanın daxili həyatındakı funksiyası izah olunur.

Təvəkkül - fəaliyyətlə etimadın vəhdəti

Təvəkkül çox zaman yanlış olaraq taleyə boyun əymək kimi təqdim edilir. Halbuki İslam fəlsəfəsində təvəkkül hərəkətsizlik deyil, fəaliyyət içində etimaddır. İnsan səbəblər aləmində maksimum məsuliyyətlə çalışır, lakin nəticənin tam nəzarətini özünə aid etmir. İbn Sina kainatı səbəb-nəticə qanunları ilə işləyən rasional sistem kimi izah edirdi. Bu sistemdə insan iradə sahibidir və seçim etmə qabiliyyətinə malikdir. Təvəkkül bu iradənin inkarı deyil, onun sərhədlərini qəbul etməkdir. Əbu Həmid əl-Qəzali isə təvəkkülü qəlbin Allaha arxayınlığı kimi şərh edird. Zahirdə (görünən) tədbir, batində (görünməyən) etibar.

 

Beləliklə, təvəkkül insanın psixoloji balansını qoruyan anlayışdır. O, nəticə qorxusunu azaldır və insanı prosesə fokuslaşdırır. Bu isə daxili sabitlik və etik təmkin yaradır.

Murəqəbə - şüurun özünə yönəlməsi

Murəqəbə insanın öz düşüncəsini və niyyətini müşahidə etməsidir. Bu anlayış insan şüurunun reflektiv qabiliyyətini ifadə edir. İnsan yalnız düşünən varlıq deyil, eyni zamanda düşündüyünü müşahidə edə bilən varlıqdır.

Şihabəddin Sührəvərdi insanı “nur” metaforası ilə təsvir edirdi. Nur həm ətrafı işıqlandırır, həm də özünü. Murəqəbə bu özünü işıqlandırma halıdır.

Bu anlayış göstərir ki, etik davranış yalnız qanun və ya sosial norma ilə deyil, daxili nəzarət mexanizmi ilə mümkündür. İnsan niyyətini yoxlamadıqca davranışının dəyərini dərk edə bilməz. Murəqəbə insanı avtomatik reaksiyalardan şüurlu qərarlara doğru aparır.

Muhasəbə - daxili hesabat mədəniyyəti

Murəqəbə davamlı müşahidədirsə, muhasəbə hesabatdır. İnsan öz hərəkətlərini və niyyətlərini qiymətləndirir, səhvlərini tanıyır və düzəliş edir. Əl-Qəzali insanın hər gün öz qəlbi ilə “hesablaşmasını” mənəvi inkişafın əsas şərti sayırdı. Bu anlayışın fəlsəfi dəyəri ondadır ki, o, etik məsuliyyəti xarici nəzarətdən daxili vicdana keçirir.

Muhasəbə insanın daxili idarəetmə sistemidir. O, özünü tənzimləmə qabiliyyəti yaradır və davranışın davamlı təkmilləşməsini təmin edir.

Zikr - diqqətin mərkəzləşdirilməsi

Zikr çox vaxt yalnız dini təkrar kimi başa düşülür. Halbuki onun fəlsəfi mahiyyəti şüurun parçalanmasının qarşısını almaqdır. İnsan zehninin dağınıqlığı onun qərarlarının da qeyri-sabit olmasına səbəb olur.

Zikr diqqəti vahid istiqamətə yönəldir və insanın daxili mərkəzini qoruyur. Bu, ontoloji bağlılığın şüurlu şəkildə saxlanılmasıdır – insanın öz mənşəyini və məqsədini unutmasının qarşısını alan bir mexanizmdir. Beləliklə, zikr yalnız ibadət deyil, diqqət intizamıdır.

Nəticə

İslam fəlsəfəsində təvəkkül, murəqəbə, muhasəbə və zikr anlayışları bir-birindən ayrı deyil, onlar vahid daxili sistemin elementləridir. Təvəkkül iradəni tarazlayır, murəqəbə şüuru oyadır, muhasəbə davranışı təmizləyir, zikr isə diqqəti qoruyur. Bu anlayışlar unudulduqda insanın daxili həyatı səthiləşir və etik mexanizmi zəifləyir. Yenidən fəlsəfi kontekstdə düşünülməsi isə insanın həm fərdi, həm də ictimai həyatında daha şüurlu və məsuliyyətli model yarada bilər.

Davam et
Yaradıcılıq haqqındaFəlsəfə

Yaradıcılıq haqqında

Giriş

Bu yazının məqsədi insan yaradıcılığı haqqında düşüncələrimi paylaşmaq və yaranmasının təməlini sizinlə bölüşməkdir. Məqalə oxucuya bu qavramları anlamağa, onların dərinliklərini qavramağa imkan verəcək.

Yazını aydın və sistemli şəkildə təqdim etmək üçün əvvəlcə iki əsas mövzunu müzakirə etməliyik: ölçülər aləmi və şüur aləmi.

1. Ölçü aləmi

Ölçü aləmi müasir fizikada 4 əsas bölgüyə bölünür:

1. Uzunluq,

2. En,

3. Hündürlük,

4. Zaman.

Uzunluq, en və hündürlük birləşərək məkan anlayışını yaradır. Məkan, bir cismin hərəkətini, yerləşməsini və mövqeyini müəyyən edən üçölçülü çərçivədir. Digər tərəf isə zamandır. Zaman, hadisələrin ardıcıllığını və səbəb-nəticə əlaqəsini təşkil edən dördüncü ölçüdür.

Bu səbəbdən yazımız boyunca iradə və yaradıcılığı zaman və məkan qavramları üzərindən analiz edəcəyik. İradə yalnız müəyyən bir məkan və zamana yerləşdikdə, onun fəaliyyətləri və qərarları səbəb-nəticə əlaqəsi ilə izah edilə bilər. Yəni, hər bir hərəkət və qərar həm məkanda yerləşir, həm də zamanda ardıcıllıqla baş verir.

Bir çox dini və fəlsəfi görüşə görə, yaradıcılığın mənbəyi Tanrıdır. Musəvi dinlərdə və bir çox fəlsəfi sistemdə Tanrı zamandan və məkandan uzaqdır, yəni onun varlığı bu ölçülərə bağlı deyil. Ölçülə bilməyən varlıq hərəkətsiz və dəyişməzdir.

Yekun olaraq belə bir qənaətə gəlmək mümkündür ki, Yaradıcılıq ölçülərdən kənara çıxmaqdır.

2. Şüur aləmi

Şüur aləmlərini yuxarı mövzu izahı ilə 3 əsas qata bölə bilərik:

1. Sensor şüur qatı - Şüurun məkan və zamanda olduğu, ətrafdan informasiya qəbul edə bildiyi şüur qatı.

2.  Zehni şüur qatı - Şüurun məkandan uzaqlaşdığı və yalnız zamanda (keçmiş, indiki, gələcək) və ya tam əksində ilişdiyi şüur qatıdır.

3. İlahi şüur qatı - Şüur zamandan və məkandan uzaqlaşaraq ilahi yaradıcılığın qatına ucalır.

İnsan şüuru bir çox zaman sensor qatında olaraq yaşayır. Yaradıcılığın ilkin pilləsinin ortaya çıxması iradə şüurunun zamandan və ya məkandan uzaqlaşması nəticəsində ortaya çıxır. Bu halda şüur sensor qatından zehni şüur qatına keçmiş olur.

Zehni şüurda olan yaradıcılıq səbəb və nəticə əlaqələrindən kənarlaşa bilmir. Bu o deməkdir ki, indiyə qədər sensor qatında qəbul etdiyi hərəkətlərdən bir nəticə çıxararaq bir yaradıcılıq sərgiləyir.

Şüur artıq bütün ölçülərdən azad olduqdan sonra ilahi şüura keçid edir və onun yaradıcılığı limitsizləşir.

Nəticə

Tanrı yaradıcılığın özəyidir, o ölçülə bilmədiyindən hərəkətsiz və dəyişməzdir. Yaradıcılığın gücü ölçülə bilinməməzlikdə yatır. Hər hansı yaradıcılıqla məşğul olursunuzsa, məkan və zaman qavramlarından uzaqlaşmağa çalışmaq yaradıcılığın meydana gəlməsində gözəl bir yol ola bilər.

 

Bu yazıda ən sadə şəkildə insan yaradıcılığının meydana gəlməsindəki fikirlərimi təqdim etməyə çalışdım. Mövzunun qısa bir məqalədə yer almasını nəzərə alaraq növbəti yazılarımda daha ətraflı yazaraq sizinlə bölüşəcəm.

Davam et
Qətiyyət haqqındaFərdi İnkişaf

Qətiyyət haqqında

Giriş

Qətiyyət insan davranışının ən kompleks və eyni zamanda ən yanlış başa düşülən xüsusiyyətlərindən biridir. Əksər hallarda qətiyyət sadəcə “iradəli olmaq” kimi interpretasiya olunur. Halbuki psixoloji baxımdan qətiyyət qeyri-müəyyənlik şəraitində, emosional gərginliyə baxmayaraq məqsədyönlü qərar vermə və bu qərarı icra etmə qabiliyyətidir. Bu, yalnız iradə deyil, qorxu ilə münasibət, riskin qavranması və məqsədin daxili strukturunun qarşılıqlı təsirindən yaranan bir sistemdir.

Bu sistemin işləmə prinsipi başa düşülmədikdə insan ya impulsiv qərarlar verir, ya da qərarsızlıq (prokrastinasiya) vəziyyətinə düşür. Hər iki hal qətiyyətin olmamasının fərqli formalarıdır.

Qorxu qətiyyətin qarşısında maneə yox, xammaldır

İnsan beyni təhlükəni prioritetləşdirən bir sistem üzərində qurulub. Bu sistemin mərkəzində duran bildiyimiz kimi Amiqdala hər hansı potensial riski real təhlükə kimi interpretasiya etməyə meyllidir. Bu səbəbdən də insan yeni qərarlar qarşısında tez-tez geri çəkilir.

Lakin burada əsas məqam qorxunun mövcudluğu deyil, onun necə interpretasiya  olunmasıdır. Qorxunun tam aradan qaldırılması nə mümkün, nə də məqsədəuyğundur. Əslində qətiyyət, qorxunun yoxluğunda deyil, onunla paralel hərəkət edə bilmə qabiliyyətində formalaşır.

Qorxuya qarşı ən effektiv yanaşma onunla mübarizə aparmaq deyil, onu tənzimləməkdir. Tədrici ekspozisiya metodları (yavaş-yavaş kiçikdən böyüyə qoxularınla qarşılaşma) bu baxımdan xüsusi əhəmiyyət daşıyır. İnsan kiçik risklərdən başlayaraq sistemli şəkildə öz komfort zonasını genişləndirdikcə, beyin yeni təcrübələri “təhlükəsiz” kimi kodlamağa başlayır. Bu prosesdə emosional reaksiya zəifləyir, davranış isə daha sabit olur.

Eyni zamanda, koqnitiv reinterpretasiya yəni hadisənin mənasının dəyişdirilməsi qorxunun intensivliyini birbaşa təsir altına alır. İnsan “uğursuzluq” anlayışını “geri bildirim” kimi  (misal təcrübə) qəbul etməyə başladıqda, qorxu artıq bloklayıcı faktor olmur, əksinə istiqamətverici siqnala çevrilir.

Riskin qavranması

İnsanlar çox zaman qərarlarını rasional əsaslarla verdiklərini düşünürlər. Lakin insan davranışları göstərir ki, risk qiymətləndirməsi əksər hallarda subyektivdir. Bu fenomenin izahı üçün Prospekt nəzəriyyəsi (risk zamanı inanların qərar vermə mexanizmi haqqında psixoloji nəzəriyyə) xüsusi əhəmiyyət daşıyır.

Bu nəzəriyyəyə görə insanlar itkiləri qazanclardan daha çox hiss edir. Bu isə o deməkdir ki, eyni dərəcədə mümkün olan qazanc və itki vəziyyətində insan daha çox itkidən qaçmağa meylli olur. Nəticədə risklər ya şişirdilir, ya da yanlış prioritetləşdirilir. Risklər gözdə bəzən çox böyüdülür.

Qətiyyətli fərdləri fərqləndirən əsas xüsusiyyət riskin obyektiv qiymətləndirilməsinə yaxınlaşa bilmələridir. Bu isə emosional reaksiyaların koqnitiv (insanının necə anlama və başa düşməsi) strukturla balanslaşdırılması ilə mümkündür.

Məsələn, gözlənilən dəyər analizi kimi metodlar qərarvermə prosesini daha strukturlaşdırılmış edir. İnsan ehtimalları və nəticələri sistemli şəkildə təhlil etdikdə, emosional təhriflər azalır. Bununla yanaşı, qərarın uğursuz olduğunu əvvəlcədən qəbul edib səbəbləri analiz etmək  potensial riskləri daha aydın görməyə imkan verir.

Bu cür metodlar insanın riskə münasibətini dəyişir: risk artıq qorxulu qeyri-müəyyənlik deyil, idarə oluna bilən dəyişənlər toplusu kimi qəbul edilir.

Məqsəd aydınlığı

Qorxu və risk yalnız qərarvermə prosesinin çərçivəsini müəyyən edir. Lakin hərəkətin istiqamətini təyin edən əsas faktor məqsəddir. Məqsəd aydın olmadıqda, insanın ən kiçik risk qarşısında belə geri çəkilməsi təbiidir.

Motivasiya psixologiyasında bu məsələ “Öz tanıma” nəzəriyyəsi ilə izah olunur. Bu nəzəriyyə göstərir ki, insanın davamlı hərəkət edə bilməsi üçün onun məqsədi daxili olaraq mənalı olmalıdır. Xarici motivasiyalar (pul, status və s.) qısa müddətli təsir göstərir, lakin uzunmüddətli qətiyyət üçün kifayət etmir.

Daxili məqsəd aydınlığı isə yalnız “nə istəyirəm?” sualına cavab verməklə formalaşmır. Daha vacib olan “niyə istəyirəm?” sualıdır. Bu sualın təkrarlanan şəkildə verilməsi (məsələn, “5 dəfə niyə” texnikası) məqsədin səthi qatlarını aradan qaldıraraq onun əsas motivasiyasını üzə çıxarır.

Bununla yanaşı, şəxsi dəyərlərlə uyğunlaşma mühüm rol oynayır. İnsan öz məqsədini daxili dəyərləri ilə əlaqələndirdikdə, qərarvermə prosesi daha az enerji tələb edir. Çünki artıq seçimlər arasında konflikt azalır.

Qətiyyət necə yaranır?

Qətiyyət ayrı-ayrı bacarıqların cəmi deyil,  bu, onların birləşməsidir. Qorxu idarə olunduqda, risk düzgün qiymətləndirildikdə və məqsəd aydın olduqda, insanın davranışı avtomatik olaraq daha qərarlı olur.

Bu prosesi belə təsvir etmək olar: məqsəd istiqaməti verir, risk analiz yolu müəyyən edir, qorxu isə sistemin həddini göstərir. Bu üç komponent arasında balans pozulduqda qətiyyət zəifləyir. Məsələn, məqsəd güclü, lakin risk analizi zəif olduqda impulsiv qərarlar yaranır. Əksinə, risk analizi güclü, lakin məqsəd zəif olduqda isə qərarsızlıq artır.

Nəticə

Qətiyyət mistik və ya yalnız xarakterlə bağlı xüsusiyyət deyil. Bu, öyrənilə və sistemli şəkildə inkişaf etdirilə bilən psixoloji strukturdur. Onun inkişafı üçün insan öz qorxusuna münasibətini dəyişməli, riskləri daha obyektiv qiymətləndirməyi öyrənməli və məqsədlərini daxili mənalarla əlaqələndirməlidir.

Bu üç istiqamətdə aparılan məqsədli inkişaf insanı yalnız daha qətiyyətli deyil, həm də daha şüurlu və effektiv qərarverici edir. Qətiyyət beləliklə sadəcə hərəkət etmək deyil, doğru səbəblərlə, doğru istiqamətdə və davamlı şəkildə hərəkət etmək qabiliyyətinə çevrilir.

Davam et
Analitik düşüncənin yaranması haqqındaFərdi İnkişaf

Analitik düşüncənin yaranması haqqında

Giriş

Bu yazının məqsədi analitik düşüncənin necə yarandığını və necə işlədiyini sadə dillə izah etməkdir. Analitika, məlumatları, hadisələri və onların arasındakı əlaqələri sistemli şəkildə araşdırıb mənalandırmaqdır. Beyin bir şeyi mənalandırmağa başlayan kimi, analiz də başlamış olur. Analiz prosesi, məlumatı hissələrə ayırıb sonra bütöv şəkildə anlamağı əhatə edir. Bütövü anlamaq isə analizin son nöqtəsidir. Bəs beyin bunu necə edir?

Beyində Analiz Necə Baş Verir?

Beyin məlumatı mənalandırmaq üçün onu dörd addımda işləyir:

  1. Məntiqi qruplaşdırma

  2. Alqoritmik əlaqə axtarışı

  3. Hipotez qurma

  4. Tənqidi yanaşma

  5. Gəlin hər birinə ayrıca baxaq.

1. Məntiqi Qruplaşdırma

Beyin məlumatı anlamaq üçün avtomatik olaraq onu üç növə görə hissələrə ayırır:

  • Fiziki: Maddi olan hər şey (məsələn: coğrafi yerlər, texnika, əşyalar).

  • Zaman: Zaman dilimləri (məsələn: ay, rüb, il, əsr).

  • Səlahiyyətləndirmə: Şəxsi məntiqə görə təbəqələrə ayırma (məsələn: vəzifələr, önəmlilik sırası).

Misal: Bir məktəbi təhlil edərkən, fiziki qruplaşdırma (sinif otaqları, idman zalı), zaman qruplaşdırması (dərs saatları, tətil günləri) və səlahiyyətləndirmə (direktor, müəllim, şagird) edə bilərsiniz.

2. Alqoritmik Əlaqə Axtarışı

Beyin hissələrə ayrılmış məlumat arasında əlaqə axtarır. O, özünə bu sualları verir: Nə? Necə? Niyə? Nə vaxt? Harada? Nə üçün? Beyin bu əlaqələri üç cür görə bilər:

  • Xətti: Sadəcə "bu nədir?" sualına cavab tapmaq. Məsələn: "Maşın yolda gedir." Bu, düz bir hərəkətdir.

  • Budaqlanan: Şərtlərə görə dəyişən hərəkətlər. Məsələn: "İşıqfor yaşıl yanırsa, maşın gedər; qırmızı yanırsa, dayanar."

  • Dövri: Təkrarlanan hərəkətlər. Məsələn: "Metroya hər 5 dəqiqədən bir qatar gəlir."

3. Hipotez Qurma

Beyin məlumatı mənalandırmaq üçün fərziyyələr (hipotezlər) irəli sürür. Bu, iki yolla olur:

  • Əlaqələndirmə: "Bu hadisə digəri ilə əlaqəli ola bilərmi?" Məsələn: "Böyük bir insan içəri girdi, hamı ayağa qalxdı. Deməli, bu, hörmət əlamətidir." 

  • Sintez (Birləşdirmə): "Bu hissə daha böyük bir bütövün parçası ola bilərmi?" Məsələn: "Yerdə bir maşın nömrəsi tapdım. Bu, yaxınlarda buradan keçən bir maşından düşmüş ola bilər."

4. Tənqidi Yanaşma

Bu, ən vacib addımdır. Beyin öz ilkin fikirlərini tənqid edir. Çünki ilk mənalandırma səhv ola bilər. Beyin deyir: "Bəlkə də başqa cür düşünməliyəm?"

Misal: İş görüşünə 20 dəqiqə gecikən biri üçün ilkin fikir "Bu, məsuliyyətsiz biridir" ola bilər. Lakin tənqidi yanaşma deyir: "Bəlkə də onun başına gözlənilməz bir hadisə gəlib (trafik, xəstəlik və s.)".

Nəticə

Qısacası, insan məlumatı öz yanaşması ilə mənalandırıb formalaşdırdıqda, o məlumat bilgiyə çevrilir.

Bu prosesi belə ifadə etmək olar:

İnformasiya → Mənalandırma → Formalaşdırılmış informasiya = Bilgi

Növbəti yazılarda beyin analiz bacarıqlarını necə gücləndirmək, biznesdə, elmdə və sosial həyatda analiz növlərini necə tətbiq etmək barədə danışacağam.

Davam et
İdarəetmədə Doğru Davranışın Yanlış Zamanda TətbiqiFərdi İnkişaf

İdarəetmədə Doğru Davranışın Yanlış Zamanda Tətbiqi

Giriş

Daxili idarəetmədə əsas məsələ hansı metodun daha yaxşı olması deyil, hansı metodun hansı şəraitdə tətbiq edilməsidir. Eyni qərar bir şəraitdə uğur, başqa şəraitdə fəlakət gətirə bilər. Şirkət daxilində sabitlik və böhran dövrləri idarəetmənin iki fərqli mühitini təmsil edir (döyüş və sülh mühiti) və bu mühitlərdə liderlik prinsipləri ciddi şəkildə dəyişir.

1. Sülh və Döyüş Dövrləri

Sabit dövrdə şirkətlər inkişaf etməyə, prosesləri yaxşılaşdırmağa, innovasiya yaratmağa və işçi məmnuniyyətini artırmağa çalışırlar. Böhran və ya münaqişə dövründə isə əsas məqsəd sağ qalmaq, itkiləri minimuma endirmək və nəzarəti bərpa etməkdir. Bu fərq məqsədləri, prioritetləri, risk anlayışını, qərarvermə sürətini və işçilərin davranışlarını tamamilə dəyişdirir.

Sülh dövründə ən dəyərli resurs işçilərin düşünmə qabiliyyətidir. Onların fikirlərinin dinlənilməsi, müxtəlif baxışların müzakirəsi, komanda ilə birlikdə qərarvermə və təşəbbüskarlığın təşviqi təşkilata üstünlük qazandırır. Səhvlərin qiyməti nisbətən aşağı olduğundan qərarlar üzərində düşünməyə vaxt var. Rəhbərin əsas vəzifəsi əmr vermək deyil, işçilərin potensialını üzə çıxarmaqdır.

Döyüş dövründə məlumat natamam, vaxt məhdud, risklər yüksəkdir. Uzun müzakirələr və komanda iclasları təhlükəyə çevrilə bilər. İşçilər istiqamət axtarır. Bu səbəbdən mərkəzləşdirilmiş qərarvermə, aydın tabeçilik sistemi, sürətli icra və ciddi əmək intizamı daha effektiv olur.

2. Ən Böyük Səhv - Döyüş Metodları ilə Sülhü İdarə Etmək

Böhran dövründə qazanılan uğurların təsiri altında rəhbərlərin eyni sərt davranışı sonradan da davam etdirməsi işçilərin təşəbbüs göstərməməsinə, innovasiyanın azalmasına, qorxu mədəniyyətinin formalaşmasına və qurumun çevikliyini itirməsinə səbəb olur. Sabit dövrdə hər şeyə nəzarət etmək istəyən rəhbər əslində şirkətin böyümə potensialını məhdudlaşdırır.

3. Digər Böyük Səhv - Sülh Metodları ilə Böhranı İdarə Etmək

Bəzən rəhbərlər şirkət daxilində böhran şəraitində də həddindən artıq müzakirələr aparır, qərarları gecikdirir, hamının razılığını almağa çalışırlar. Lakin böhran razılıq deyil, qərar tələb edir. Gec verilən düzgün qərar, vaxtında verilən orta səviyyəli qərardan daha təhlükəlidir. Bu cür ləngimə proses axınlarının tənəzzülünə və ya ciddi itkilərə səbəb ola bilər. 

4. Liderin Transformasiya Bacarığı

Daxili idarəetmədə liderlik uyğunlaşma qabiliyyətidir. Güclü rəhbər hər vəziyyətdə eyni davranan insan deyil, dəyişən şəraitə uyğun dəyişə bilən insandır. O, nə vaxt işçiləri dinləməyi, nə vaxt əmr verməyi, nə vaxt komanda ilə məsləhətləşməyi, nə vaxt təkbaşına qərar verməyi, nə vaxt sərt, nə vaxt yumşaq olmağı bilir.

Müasir biznes mühiti sabitlik və böhran şəraitlərinin qarışığıdır. Normal dövrlərdə innovasiya, açıq ünsiyyət və əməkdaşlıq, iqtisadi böhranlarda, restrukturizasiya zamanı və ya kritik layihələrdə isə daha sərt idarəetmə tələb olunur. Müasir rəhbər həm sabitliyin, həm də böhranın lideri olmalıdır.

Nəticə

Daxili idarəetmədə ən böyük səhvlərdən biri doğru davranışı yanlış şəraitdə tətbiq etməkdir. Rəhbərliyin ən yüksək forması müəyyən bir üsluba sadiq qalmaq deyil, qurum daxilində dəyişən şəraitə uyğun olaraq dəyişə bilməkdir. Daxili idarəetmənin əsl ustalığı məhz bu balansı qurmaqdan ibarətdir.

Davam et
Əvvəl son var idiFəlsəfə

Əvvəl son var idi

Giriş

Əvvəlki yazılarda

  1. Hərəkət və yekun (https://www.raufabdullazada.az/blog/hereket-ve-yekun-haqqinda),
  2. yaradıcılığın məkan və zaman ölçülərindən uzaqlaşması (https://www.raufabdullazada.az/blog/yaradiciliq-haqqinda)

kimi qavramları izah etməyə çalışdıq. Şüurun müxtəlif qatlarını araşdırdıq və yaradıcılığın insanın bu qatlar arasında hərəkəti ilə necə əlaqəli olduğunu müzakirə etdik. Bu yazıda isə başqa bir suala cavab axtaracağıq:

İnsan gələcəyini qərarları ilə yaradır, yoxsa qərarları gələcək təsəvvürü yaradır?

Gündəlik düşüncəmiz bizə birinci variantın doğru olduğunu deyir. Lakin məsələni daha diqqətlə araşdırdıqda fərqli bir mənzərə ortaya çıxır.

Adətən necə düşünürük?

Əksər insanlar həyatın aşağıdakı ardıcıllıqla işlədiyini qəbul edir:

Qərar → Hərəkət → Nəticə

Sonra da düşünürük ki, bu qərarlar bizi müəyyən nəticələrə gətirib çıxardı. Bu baxış ilk baxışdan məntiqli görünür. Ancaq bir sual ortaya çıxır:

Qərarı verən nədir? Niyə iki insan eyni vəziyyətdə fərqli qərarlar verir? Niyə biri risk edir, digəri etmir? Niyə biri lider olmaq istəyir, digəri isə sakit həyat seçir?

Qərarın özündən əvvəl onu formalaşdıran başqa bir amil olmalıdır.

Qərardan əvvəl nə var?

Bir insanın qərar verməsindən əvvəl onun zehnində müəyyən bir gələcək şəkli yaranır. Məsələn, bir gənc həkim olmaq istəyir. Əslində o, əvvəlcə universitet seçmir.

Əvvəlcə özünü gələcəkdə həkim kimi təsəvvür edə bilir. O bir yekun yaradır. Özünü xəstəxanada görür. Özünü insanlara kömək edən biri kimi hiss edir. Bu təsəvvür formalaşdıqdan sonra universitet seçimi meydana çıxır. Başqa sözlə, qərar gələcəyi yaratmır. Yekun yaradıcılığı təsəvvürü qərarı yaradır.

İradənin istiqaməti

İradə təkbaşına hərəkət etmir. İradə həmişə diqqətini yönəltdiyi bir hədəfə doğru işləyir.

Bir gəmini düşünək. Külək gəminin enerjisidir. Lakin sükan onun istiqamətini müəyyən edir. İradə də buna bənzəyir. İradə hərəkətləri yaradıcılığa bükən gücüdür. İnsan daxilində hansı gələcəyi daha canlı şəkildə görürsə, iradəsi yavaş-yavaş həmin istiqamətə yönəlməyə başlayır. Sonra qərarlar da bu istiqamətin təsiri altında formalaşır.

Yaradıcılığın yeni mənası

Biz çox vaxt yaradıcılığı rəsm çəkmək, musiqi bəstələmək və ya kitab yazmaq kimi anlayırıq.

Lakin yaradıcılığın daha fundamental forması mövcuddur. Bu, gələcək yaratmaqdır. Burada söhbət gələcəyin fiziki olaraq yaradılmasından deyil, onun əvvəlcə şüurda formalaşdırılmasından gedir. Əvvəl sadəcə söz (söz bir yekundur adlandırmadır) var idi, hər şey ol (yekun) dedi və oldu, müqəddəs kitablarda hər şeyin baş verməsi yekunun yaradılması ilə bağlı olduğunu əlaqələndirmək mümkündür.

İnsan əvvəlcə olmaq istədiyi vəziyyəti yaradır. Sonra həmin vəziyyətə uyğun qərarlar verir. Sonra isə bu qərarlar reallığı dəyişməyə başlayır. Bu səbəbdən hər böyük dəyişiklik əvvəlcə görünməyən bir yaradılışla başlayır.

Əvvəl yekun (yaradıcılıq) yaranır. Sonra hərəkətlərin yönləndirilməsi yaranır. Daha sonra qərarlar ortaya çıxır.

Zamanın maraqlı paradoksu

Burada maraqlı bir vəziyyət yaranır. Biz zamanın içində yaşayırıq.

Lakin bizi hərəkətə gətirən şey çox vaxt gələcəkdə mövcud olmasını istədiyimiz bir vəziyyətdir. Sanki insan hələ mövcud olmayan bir sabahı bu günün içinə gətirir. Daha sonra həmin sabahın təsiri altında bu günü yaşayır. Belə baxdıqda gələcək yalnız gözlənilən bir hadisə deyil.Gələcək həm də indiki qərarların gizli səbəbinə çevrilir.

Nəticə

Əgər əvvəlki yazıda yaradıcılığı məkan və zamanın sərhədlərini aşmaq kimi izah etmişdiksə, bu yazıda ona başqa tərəfdən baxa bilərik.

İnsan əvvəlcə gələcəyini şüurunda yaradır. Sonra iradə həmin yaradılışa fokuslanır. Daha sonra qərarlar meydana çıxır. Beləliklə, insanı gələcəyə aparan əsas qüvvə qərarların özü deyil. Qərarların arxasında duran və onlara istiqamət verən daxili yaradılışdır. Bəlkə də həyatımızın ən böyük yaradıcılığı etdiyimiz işlər deyil, hələ mövcud olmayan gələcəyi daxilimizdə görə bilmək qabiliyyətimizdir.

Davam et