
Bu yazının məqsədi insan varlığını hərəkət anlayışı üzərindən təhlil etmək, yaradıcılığı hərəkətin yekun və mənalandırılmış forması kimi izah etmək, eləcə də iradə, şüur və Tanrısal yaradılış arasındakı əlaqəni fəlsəfi müstəvidə əsaslandırmaqdır. Məqalə həyatın statik deyil, dinamik və prosesual mahiyyət daşıdığını göstərməyi, yaradıcılığın isə bu prosesin şüur səviyyəsində formaya düşmüş ifadəsi olduğunu ortaya qoymağı hədəfləyir.
Həyat mahiyyət etibarilə hərəkətlərdən ibarətdir. Hərəkət dayandığı anda həyat da funksional mənada dayanır. İnsan varlığı – düşüncə, duyğu, istək və məqsədlər hər biri hərəkətin müxtəlif formaları və mərhələləri kimi təzahür edir. Hər bir fikir və arzu insan daxilində yaranan iradənin son nöqtəsi, yəni hərəkətə çevrilmiş halıdır. Bu baxımdan insan mövcudluğu passiv vəziyyət deyil, daimi axın və yönəlmişlik halıdır.
Hərəkət yalnız fiziki aktlarla məhdudlaşmır. O, bəzən düşüncədə, bəzən qərarda, bəzən isə sadəcə bir baxışda özünü göstərir. Zahirdə sadə görünən bu hərəkətlər, əslində, dərin bir daxili yaradıcılığın səssiz ifadəsidir. Maddi və mənəvi səviyyədə baş verən bütün hərəkətlər müəyyən bir istiqamətə yekuna doğru axır. Bu istiqaməti müəyyən edən əsas faktor isə insanın daxilindəki iradə və şüurdur.
Yaradıcılıq, dağınıq haldakı hərəkətlərin və enerjinin bir nöqtədə cəmlənməsi, formaya salınması və mənaya çevrilməsi prosesidir. O, sadəcə yeni bir obyektin və ya ideyanın yaranması deyil; varlığın öz hərəkətini dərk etməsi və onu şüurlu yekuna çevirməsidir. Yaradıcılıq bu mənada hərəkətin öz sonluğunu tapdığı məqamdır.
Yaradıcılıqda ortaya çıxan hər bir yeni forma, əslində, artıq mövcud olan hərəkətlərin yeni kombinasiyasıdır. Bu akt həm başlanğıcı, həm də sonu özündə birləşdirir. Hər bir yaradıcı nəticə iradənin öz limitində formalaşmış yekundur. Lakin hərəkət bu nöqtədə dayanmaz; əksinə, həmin yekun yeni bir başlanğıca çevrilərək hərəkətin növbəti mərhələsini yaradır. Beləliklə, yaradıcılıq həm son, həm də başlanğıcdır və varlığın dövri tənəffüsünü xatırladır.
Əgər Tanrının mövcudluğu qəbul edilirsə, onda bütün hərəkətlərin mənşəyi və sonu Tanrısal iradəyə bağlanır. Tanrı bu baxımdan Yaradıcılığın mütləq formasıdır. O, bütün hərəkətləri özündə birləşdirərək yekuna çevirmiş və aləmi bu yekunun təcəssümü kimi yaratmışdır. Mövcud olan hər bir varlıq, hər bir düşüncə və hər bir nəfəs Tanrının yaratdığı hərəkətin davamı kimi dəyərləndirilə bilər.
İnsanın yaradıcılığı Tanrısal yaradıcılığın məhdud və nisbətli bir əksidir. İnsan hərəkət etdikcə, düşündükcə və formalaşdırdıqca, Tanrının yaratma halını öz ölçüsündə təcrübə edir. Bu mənada yaradıcılıq insanın Tanrıya yaxınlaşma forması kimi də şərh oluna bilər; çünki insan hərəkəti mənaya, mənanı isə varlığa çevirir.
Nəticə olaraq, həyat hərəkətin sonsuz axınıdır, yaradıcılıq isə bu axının müəyyən bir anda şüurda və təsəvvürdə yekuna çevrildiyi məqamdır. Hərəkətsiz həyat mümkün olmadığı kimi, hərəkətin mənaya çevrildiyi nöqtə də həyatın dərinliyini üzə çıxaran əsas göstəricidir. İnsan yaşamı, hərəkətlər və bu hərəkətlərdən yaranan yekunlar üzərində qurulur. Növbəti mərhələdə isə hərəkətin yekuna doğru axını və iradənin bu proses üzərindəki müəyyənedici rolu daha dərindən təhlil edilə bilər.
Unknown14Əvvəlki yazılarda
kimi qavramları izah etməyə çalışdıq. Şüurun müxtəlif qatlarını araşdırdıq və yaradıcılığın insanın bu qatlar arasında hərəkəti ilə necə əlaqəli olduğunu müzakirə etdik. Bu yazıda isə başqa bir suala cavab axtaracağıq:
İnsan gələcəyini qərarları ilə yaradır, yoxsa qərarları gələcək təsəvvürü yaradır?
Gündəlik düşüncəmiz bizə birinci variantın doğru olduğunu deyir. Lakin məsələni daha diqqətlə araşdırdıqda fərqli bir mənzərə ortaya çıxır.
Əksər insanlar həyatın aşağıdakı ardıcıllıqla işlədiyini qəbul edir:
Qərar → Hərəkət → Nəticə
Sonra da düşünürük ki, bu qərarlar bizi müəyyən nəticələrə gətirib çıxardı. Bu baxış ilk baxışdan məntiqli görünür. Ancaq bir sual ortaya çıxır:
Qərarı verən nədir? Niyə iki insan eyni vəziyyətdə fərqli qərarlar verir? Niyə biri risk edir, digəri etmir? Niyə biri lider olmaq istəyir, digəri isə sakit həyat seçir?
Qərarın özündən əvvəl onu formalaşdıran başqa bir amil olmalıdır.
Bir insanın qərar verməsindən əvvəl onun zehnində müəyyən bir gələcək şəkli yaranır. Məsələn, bir gənc həkim olmaq istəyir. Əslində o, əvvəlcə universitet seçmir.
Əvvəlcə özünü gələcəkdə həkim kimi təsəvvür edə bilir. O bir yekun yaradır. Özünü xəstəxanada görür. Özünü insanlara kömək edən biri kimi hiss edir. Bu təsəvvür formalaşdıqdan sonra universitet seçimi meydana çıxır. Başqa sözlə, qərar gələcəyi yaratmır. Yekun yaradıcılığı təsəvvürü qərarı yaradır.
İradə təkbaşına hərəkət etmir. İradə həmişə diqqətini yönəltdiyi bir hədəfə doğru işləyir.
Bir gəmini düşünək. Külək gəminin enerjisidir. Lakin sükan onun istiqamətini müəyyən edir. İradə də buna bənzəyir. İradə hərəkətləri yaradıcılığa bükən gücüdür. İnsan daxilində hansı gələcəyi daha canlı şəkildə görürsə, iradəsi yavaş-yavaş həmin istiqamətə yönəlməyə başlayır. Sonra qərarlar da bu istiqamətin təsiri altında formalaşır.
Biz çox vaxt yaradıcılığı rəsm çəkmək, musiqi bəstələmək və ya kitab yazmaq kimi anlayırıq.
Lakin yaradıcılığın daha fundamental forması mövcuddur. Bu, gələcək yaratmaqdır. Burada söhbət gələcəyin fiziki olaraq yaradılmasından deyil, onun əvvəlcə şüurda formalaşdırılmasından gedir. Əvvəl sadəcə söz (söz bir yekundur adlandırmadır) var idi, hər şey ol (yekun) dedi və oldu, müqəddəs kitablarda hər şeyin baş verməsi yekunun yaradılması ilə bağlı olduğunu əlaqələndirmək mümkündür.
İnsan əvvəlcə olmaq istədiyi vəziyyəti yaradır. Sonra həmin vəziyyətə uyğun qərarlar verir. Sonra isə bu qərarlar reallığı dəyişməyə başlayır. Bu səbəbdən hər böyük dəyişiklik əvvəlcə görünməyən bir yaradılışla başlayır.
Əvvəl yekun (yaradıcılıq) yaranır. Sonra hərəkətlərin yönləndirilməsi yaranır. Daha sonra qərarlar ortaya çıxır.
Burada maraqlı bir vəziyyət yaranır. Biz zamanın içində yaşayırıq.
Lakin bizi hərəkətə gətirən şey çox vaxt gələcəkdə mövcud olmasını istədiyimiz bir vəziyyətdir. Sanki insan hələ mövcud olmayan bir sabahı bu günün içinə gətirir. Daha sonra həmin sabahın təsiri altında bu günü yaşayır. Belə baxdıqda gələcək yalnız gözlənilən bir hadisə deyil.Gələcək həm də indiki qərarların gizli səbəbinə çevrilir.
Əgər əvvəlki yazıda yaradıcılığı məkan və zamanın sərhədlərini aşmaq kimi izah etmişdiksə, bu yazıda ona başqa tərəfdən baxa bilərik.
İnsan əvvəlcə gələcəyini şüurunda yaradır. Sonra iradə həmin yaradılışa fokuslanır. Daha sonra qərarlar meydana çıxır. Beləliklə, insanı gələcəyə aparan əsas qüvvə qərarların özü deyil. Qərarların arxasında duran və onlara istiqamət verən daxili yaradılışdır. Bəlkə də həyatımızın ən böyük yaradıcılığı etdiyimiz işlər deyil, hələ mövcud olmayan gələcəyi daxilimizdə görə bilmək qabiliyyətimizdir.