
Nüfuzun gücü
Bu yazının məqsədi insanla insan arasındakı nüfuzun nə olduğunu, hansı mexanizmlərlə formalaşdığını və gündəlik həyatımızda hansı rolları oynadığını izah etməkdir. Məqalə boyunca anlayışı hisslərə deyil, səbəb-nəticə əlaqələrinə söykənərək izah edəcəyik ki, oxucu nüfuzu sadəcə “təsir” kimi deyil, idarə olunan bir proses kimi dərk edə bilsin.
“Nüfuz” ərəb mənşəli söz olub “keçmək”, “daxilə işləmək” mənalarını verir. Latın dilindəki influare “içəri axmaq”, ingilis dilindəki influence isə “təsir göstərmək” anlamını daşıyır. Bu etimoloji mənalar bizə göstərir ki, nüfuz sadəcə kənardan edilən bir təsir deyil, bir şeyin digərinin daxilinə axaraq onun daxili mexanizmlərinə toxunmasıdır.
Buradan belə bir sual yaranır: Nüfuz nədir və necə var olur?
Şüurlu nüfuz nədir?
Şüurlu nüfuz bir iradənin digər iradənin təsirinə düşməsi deyil, onunla eyni istiqamətdə axmağa başlamasıdır. Bu prosesdə təsir edən tərəf qarşı tərəfin qərar mexanizminə daxil olur və onu yönləndirə bilir. Nüfuz iradənin seçimlərinə təsir göstərir və zamanla bu seçimləri formalaşdıran əsas amillərdən birinə çevrilir.
Vacib bir məqamı ayırd etmək lazımdır: hər təsir nüfuz deyil. Təsir ani ola bilər, nüfuz isə davamlı və dərin xarakter daşıyır.
Şüurlu nüfuzun mövcud olması üçün eyni anda üç əsas elementin bir arada olması vacibdir:
1. Cism
2. Yol
3. Məruz qalma
Bu üç elementdən hər hansı biri olmadıqda nüfuz ya zəifləyir, ya da ümumiyyətlə formalaşmır.
Cism-nüfuzun mənbəyi
Cism nüfuzun qaynaqlandığı mənbədir. Bu bir insan, ideya, fikir sistemi, davranış modeli və ya simvol ola bilər. Cismin əsas xüsusiyyəti onun iradəyə sahib olması və ya iradəni təmsil etməsidir.
Şüuru olmayan obyektlər təsir edə bilər, lakin nüfuz yarada bilməz. Nüfuzun yaranması üçün təsirə məruz qalan iradə qarşı tərəfin iradəsini öz dəyərlərindən üstün və ya ən azı daha doğru qəbul etməlidir. Yəni nüfuz həmişə inanc və qiymətləndirmə mexanizmi üzərindən qurulur.
Yol- nüfuzun ötürülmə kanalı
Yol iradələr arasında qurulan əlaqədir. Bu əlaqə ortaq dəyərlər, inanclar, məqsədlər və ya həyat baxışları vasitəsilə formalaşır. Yol nə qədər aydın, fasiləsiz və güclüdürsə, nüfuz da bir o qədər stabil olur.
Əgər yol yoxdursa, cism nə qədər güclü olsa da nüfuz ötürülə bilməz. İradə yalnız özünə yaxın olan, tanış gələn və mənəvi uyğunluq hiss etdiyi mənbədən gələn təsiri sorğulamadan qəbul edir.
Məruz qalma- nüfuzun aktivləşməsi
Məruz qalma qarşı tərəfin bu təsirə açıq olmasıdır. Bu açıq olma könüllü də ola bilər, qeyri-könüllü də. İnsan bir fikrə, bir davranış modelinə və ya bir şəxsə davamlı məruz qaldıqda, zamanla həmin nüfuz onun qərar mexanizminə daxil olur.
Məruz qalma davamlılıq qazandıqda nüfuz artıq xarici təsir olmur, daxili səsə çevrilir.
Bu mexanizmi daha aydın başa düşmək üçün bir nümunəyə baxaq.
e ə. V əsrdə Afina şəhəri hərbi gücü, demokratiyası və fəlsəfəsi ilə Yunan dünyasının mərkəzi idi. Şəhərdə qanunlar vardı, müəllimlər vardı, natiqlər vardı. Lakin bu qurulmuş sistemin içində səssiz, vəzifəsiz, yazılı əsəri olmayan bir insan dolaşırdı: Sokrat.
Sokrat nə sərkərdə idi, nə siyasətçi, nə də rəsmi müəllim. Onun əlində nə qanun vardı, nə kürsü, halbuki Afina gəncliyinin düşüncə tərzi yavaş-yavaş onun sözləri ilə dəyişirdi.
Cism: Sokrat və insanlar
Sokrat nüfuzun cismini təşkil edirdi. O, sadəcə fikir deyən biri deyildi; düşünməyə məcbur edən iradə idi. Sokrat özünü “bilən” kimi təqdim etmirdi. Əksinə, “bilmədiyini bilən” mövqedə dayanırdı. Bu mövqe onu gənclərin gözündə fərqli və etibarlı edirdi.
Onun əsas gücü vəzifədə yox, mənəvi mövqedə idi.
Yol: ortaq dəyərlər və düşüncələr üzərindən qurulan bağ
Afina gəncliyi cəsarətli, sorğulayan və azad düşüncəyə meyilli idi. Sokrat da məhz bu dəyərlər üzərindən onlarla ünsiyyət qururdu. O, gənclərlə mübahisə etmir, onlara nəsihət vermirdi. Suallar verirdi.
Bu suallar gənclərin içində artıq mövcud olan şübhə və axtarış hissi ilə üst-üstə düşürdü. Beləcə Sokratla gənclər arasında görünməz, lakin güclü bir yol formalaşdı.
Məruz qalma: davamlı və könüllü təsir
Sokrat dərs demirdi, halbuki hər gün Agora meydanında idi. Gənclər onu könüllü olaraq dinləyir, onunla danışır, suallarına cavab axtarırdı. Bu davamlı məruz qalma nəticəsində Sokratın sual vermə tərzi onların düşüncə mexanizminə çevrildi.
Artıq gənclər təkcə Sokratla danışanda yox, öz-özlərinə də onun kimi soruşmağa başlamışdılar. Beləliklə Sokrat insanlar üzərində nüfuz yaratmışdı. Şəxslərin sayı çoxaldıqdan sonra təhlükə olaraq qəbul edilib, edam edilmişdi.
Tarixi mənbələrdə böyük və idarəedilən kütlələrə aid misallar həddən artıq çoxdur.
Növbəti yazılarda Nüfuzun qəlibləri və insanın nüfuza məruz qaldıqdan sonra həmin qəlibdəki hərəkətləri, nüfuzun liderliyə çevrilməsi ilə bağlı düşüncələrimizi anlatmağa çalışacağıq.