
Əvvəl son var idi
Giriş
Əvvəlki yazılarda
- Hərəkət və yekun (https://www.raufabdullazada.az/blog/hereket-ve-yekun-haqqinda),
- yaradıcılığın məkan və zaman ölçülərindən uzaqlaşması (https://www.raufabdullazada.az/blog/yaradiciliq-haqqinda)
kimi qavramları izah etməyə çalışdıq. Şüurun müxtəlif qatlarını araşdırdıq və yaradıcılığın insanın bu qatlar arasında hərəkəti ilə necə əlaqəli olduğunu müzakirə etdik. Bu yazıda isə başqa bir suala cavab axtaracağıq:
İnsan gələcəyini qərarları ilə yaradır, yoxsa qərarları gələcək təsəvvürü yaradır?
Gündəlik düşüncəmiz bizə birinci variantın doğru olduğunu deyir. Lakin məsələni daha diqqətlə araşdırdıqda fərqli bir mənzərə ortaya çıxır.
Adətən necə düşünürük?
Əksər insanlar həyatın aşağıdakı ardıcıllıqla işlədiyini qəbul edir:
Qərar → Hərəkət → Nəticə
Sonra da düşünürük ki, bu qərarlar bizi müəyyən nəticələrə gətirib çıxardı. Bu baxış ilk baxışdan məntiqli görünür. Ancaq bir sual ortaya çıxır:
Qərarı verən nədir? Niyə iki insan eyni vəziyyətdə fərqli qərarlar verir? Niyə biri risk edir, digəri etmir? Niyə biri lider olmaq istəyir, digəri isə sakit həyat seçir?
Qərarın özündən əvvəl onu formalaşdıran başqa bir amil olmalıdır.
Qərardan əvvəl nə var?
Bir insanın qərar verməsindən əvvəl onun zehnində müəyyən bir gələcək şəkli yaranır. Məsələn, bir gənc həkim olmaq istəyir. Əslində o, əvvəlcə universitet seçmir.
Əvvəlcə özünü gələcəkdə həkim kimi təsəvvür edə bilir. O bir yekun yaradır. Özünü xəstəxanada görür. Özünü insanlara kömək edən biri kimi hiss edir. Bu təsəvvür formalaşdıqdan sonra universitet seçimi meydana çıxır. Başqa sözlə, qərar gələcəyi yaratmır. Yekun yaradıcılığı təsəvvürü qərarı yaradır.
İradənin istiqaməti
İradə təkbaşına hərəkət etmir. İradə həmişə diqqətini yönəltdiyi bir hədəfə doğru işləyir.
Bir gəmini düşünək. Külək gəminin enerjisidir. Lakin sükan onun istiqamətini müəyyən edir. İradə də buna bənzəyir. İradə hərəkətləri yaradıcılığa bükən gücüdür. İnsan daxilində hansı gələcəyi daha canlı şəkildə görürsə, iradəsi yavaş-yavaş həmin istiqamətə yönəlməyə başlayır. Sonra qərarlar da bu istiqamətin təsiri altında formalaşır.
Yaradıcılığın yeni mənası
Biz çox vaxt yaradıcılığı rəsm çəkmək, musiqi bəstələmək və ya kitab yazmaq kimi anlayırıq.
Lakin yaradıcılığın daha fundamental forması mövcuddur. Bu, gələcək yaratmaqdır. Burada söhbət gələcəyin fiziki olaraq yaradılmasından deyil, onun əvvəlcə şüurda formalaşdırılmasından gedir. Əvvəl sadəcə söz (söz bir yekundur adlandırmadır) var idi, hər şey ol (yekun) dedi və oldu, müqəddəs kitablarda hər şeyin baş verməsi yekunun yaradılması ilə bağlı olduğunu əlaqələndirmək mümkündür.
İnsan əvvəlcə olmaq istədiyi vəziyyəti yaradır. Sonra həmin vəziyyətə uyğun qərarlar verir. Sonra isə bu qərarlar reallığı dəyişməyə başlayır. Bu səbəbdən hər böyük dəyişiklik əvvəlcə görünməyən bir yaradılışla başlayır.
Əvvəl yekun (yaradıcılıq) yaranır. Sonra hərəkətlərin yönləndirilməsi yaranır. Daha sonra qərarlar ortaya çıxır.
Zamanın maraqlı paradoksu
Burada maraqlı bir vəziyyət yaranır. Biz zamanın içində yaşayırıq.
Lakin bizi hərəkətə gətirən şey çox vaxt gələcəkdə mövcud olmasını istədiyimiz bir vəziyyətdir. Sanki insan hələ mövcud olmayan bir sabahı bu günün içinə gətirir. Daha sonra həmin sabahın təsiri altında bu günü yaşayır. Belə baxdıqda gələcək yalnız gözlənilən bir hadisə deyil.Gələcək həm də indiki qərarların gizli səbəbinə çevrilir.
Nəticə
Əgər əvvəlki yazıda yaradıcılığı məkan və zamanın sərhədlərini aşmaq kimi izah etmişdiksə, bu yazıda ona başqa tərəfdən baxa bilərik.
İnsan əvvəlcə gələcəyini şüurunda yaradır. Sonra iradə həmin yaradılışa fokuslanır. Daha sonra qərarlar meydana çıxır. Beləliklə, insanı gələcəyə aparan əsas qüvvə qərarların özü deyil. Qərarların arxasında duran və onlara istiqamət verən daxili yaradılışdır. Bəlkə də həyatımızın ən böyük yaradıcılığı etdiyimiz işlər deyil, hələ mövcud olmayan gələcəyi daxilimizdə görə bilmək qabiliyyətimizdir.