
İslam fəlsəfəsində unudulan daxili anlayışlar: təvəkkül, murəqəbə və insanın daxili nizamı haqqında
Giriş
Bu məqalənin məqsədi İslam fəlsəfəsində mühüm yer tutan, lakin müasir dövrdə ya dar dini çərçivəyə sıxışdırılan, ya da fəlsəfi məzmunu zəiflədilən bəzi anlayışların, xüsusilə təvəkkül, murəqəbə, muhasəbə və zikrin dərin idraki və etik mahiyyətini yenidən ortaya qoymaqdır. Məqsəd bu terminləri sadəcə mənəvi təcrübə kateqoriyası kimi deyil, insan şüurunun strukturunu və daxili idarəetmə mexanizmini izah edən konseptual sistem kimi təqdim etməkdir. Bu yazıda anlayış əvvəlcə mənaca açılır, sonra fəlsəfi çərçivəsi göstərilir, ardınca isə onun insanın daxili həyatındakı funksiyası izah olunur.
Təvəkkül - fəaliyyətlə etimadın vəhdəti
Təvəkkül çox zaman yanlış olaraq taleyə boyun əymək kimi təqdim edilir. Halbuki İslam fəlsəfəsində təvəkkül hərəkətsizlik deyil, fəaliyyət içində etimaddır. İnsan səbəblər aləmində maksimum məsuliyyətlə çalışır, lakin nəticənin tam nəzarətini özünə aid etmir. İbn Sina kainatı səbəb-nəticə qanunları ilə işləyən rasional sistem kimi izah edirdi. Bu sistemdə insan iradə sahibidir və seçim etmə qabiliyyətinə malikdir. Təvəkkül bu iradənin inkarı deyil, onun sərhədlərini qəbul etməkdir. Əbu Həmid əl-Qəzali isə təvəkkülü qəlbin Allaha arxayınlığı kimi şərh edird. Zahirdə (görünən) tədbir, batində (görünməyən) etibar.
Beləliklə, təvəkkül insanın psixoloji balansını qoruyan anlayışdır. O, nəticə qorxusunu azaldır və insanı prosesə fokuslaşdırır. Bu isə daxili sabitlik və etik təmkin yaradır.
Murəqəbə - şüurun özünə yönəlməsi
Murəqəbə insanın öz düşüncəsini və niyyətini müşahidə etməsidir. Bu anlayış insan şüurunun reflektiv qabiliyyətini ifadə edir. İnsan yalnız düşünən varlıq deyil, eyni zamanda düşündüyünü müşahidə edə bilən varlıqdır.
Şihabəddin Sührəvərdi insanı “nur” metaforası ilə təsvir edirdi. Nur həm ətrafı işıqlandırır, həm də özünü. Murəqəbə bu özünü işıqlandırma halıdır.
Bu anlayış göstərir ki, etik davranış yalnız qanun və ya sosial norma ilə deyil, daxili nəzarət mexanizmi ilə mümkündür. İnsan niyyətini yoxlamadıqca davranışının dəyərini dərk edə bilməz. Murəqəbə insanı avtomatik reaksiyalardan şüurlu qərarlara doğru aparır.
Muhasəbə - daxili hesabat mədəniyyəti
Murəqəbə davamlı müşahidədirsə, muhasəbə hesabatdır. İnsan öz hərəkətlərini və niyyətlərini qiymətləndirir, səhvlərini tanıyır və düzəliş edir. Əl-Qəzali insanın hər gün öz qəlbi ilə “hesablaşmasını” mənəvi inkişafın əsas şərti sayırdı. Bu anlayışın fəlsəfi dəyəri ondadır ki, o, etik məsuliyyəti xarici nəzarətdən daxili vicdana keçirir.
Muhasəbə insanın daxili idarəetmə sistemidir. O, özünü tənzimləmə qabiliyyəti yaradır və davranışın davamlı təkmilləşməsini təmin edir.
Zikr - diqqətin mərkəzləşdirilməsi
Zikr çox vaxt yalnız dini təkrar kimi başa düşülür. Halbuki onun fəlsəfi mahiyyəti şüurun parçalanmasının qarşısını almaqdır. İnsan zehninin dağınıqlığı onun qərarlarının da qeyri-sabit olmasına səbəb olur.
Zikr diqqəti vahid istiqamətə yönəldir və insanın daxili mərkəzini qoruyur. Bu, ontoloji bağlılığın şüurlu şəkildə saxlanılmasıdır – insanın öz mənşəyini və məqsədini unutmasının qarşısını alan bir mexanizmdir. Beləliklə, zikr yalnız ibadət deyil, diqqət intizamıdır.
Nəticə
İslam fəlsəfəsində təvəkkül, murəqəbə, muhasəbə və zikr anlayışları bir-birindən ayrı deyil, onlar vahid daxili sistemin elementləridir. Təvəkkül iradəni tarazlayır, murəqəbə şüuru oyadır, muhasəbə davranışı təmizləyir, zikr isə diqqəti qoruyur. Bu anlayışlar unudulduqda insanın daxili həyatı səthiləşir və etik mexanizmi zəifləyir. Yenidən fəlsəfi kontekstdə düşünülməsi isə insanın həm fərdi, həm də ictimai həyatında daha şüurlu və məsuliyyətli model yarada bilər.
İslam fəlsəfəsinin klassik irsi göstərir ki, mənəvi anlayışlar yalnız mistik təcrübə deyil, insan şüurunun dərin strukturunu izah edən sistemli düşüncə formasıdır.