
Eyni hüquq və səlahiyyətli şəxslər arasında liderliyin yaranması haqqında
Giriş
Bu məqalənin məqsədi eyni hüquq və səlahiyyətə malik şəxslər arasında liderliyin necə formalaşdığını və bu liderliyin hansı mexanizmlə idarəetməyə çevrildiyini izah etməkdir. Bu hallar əvvəldən yaradılmış nüfuzun olmadığı halları əhatə edir.
Hərəkət və yekun anlayışı
Əvvəlki yanaşmalarımda göstərilmişdir ki, iradə hərəkətləri yekuna doğru “bükür” (“Hərəkət və yekun” məqaləmə göz ata bilərsiniz). Bu nə deməkdir?
Hərəkət özlüyündə neytraldır. O, yalnız müəyyən nəticəyə istiqamətləndirildikdə məna qazanır. Yekuna bükülmə prosesi yaradıcılığın təməlidir. Çünki yaradıcılıq (“Yaradıcılıq haqqında” məqaləmə göz gəzdirə bilərsiniz) yeni bir nəticənin şüurlu şəkildə formalaşdırılmasıdır.
İradə burada iki əsas funksiya yerinə yetirir:
1.Hərəkətə qərar verir.
2.Hərəkətin istiqamətini müəyyən edir.
Qərarsızlıq da əslində qərardır. Çünki qərar verməmək mövcud vəziyyətin davamına razılıq deməkdir. Yekunu əvvəlcədən təsəvvür etməyən iradə istiqamət yarada bilməz. Əgər son nəticə bilinmirsə, hərəkətlər arasında əlaqə qırılır, fəaliyyət parçalanır, kollektiv davranış xaotik xarakter alır. Bilinməməzlik insanları qeyri-müəyyənlik vəziyyətinə salır. Qeyri-müəyyənlik isə ya passivlik, ya da sistemsiz aktivlik yaradır. Hər iki halda effektiv nəticə formalaşmır.
Eyni səlahiyyətli şəxslər arasında fərqlənmə
Eyni hüquq və səlahiyyətə malik şəxslər arasında formal iyerarxiya mövcud olmaya bilər. Lakin mövcud vəziyyəti düzgün qiymətləndirən, son nəticəni (yekun) əvvəlcədən təsəvvür edə bilən şəxs (məsuliyyətin qəbul edilməsi şəxsin fərdi ünsiyyətlərində etiraz yaratmadığı hallarda) aşağıdakı üstünlüklərə malik olur:
1.İstiqaməti müəyyən edə bilir.
2.Hərəkətləri əlaqələndirə bilir.
3.Qərarların məntiqini izah edə bilir.
Bu mərhələdə liderlik yaranır. Liderlik burada təyinatdan doğmur, o, istiqaməti görmək və onu ifadə etmək qabiliyyətindən doğur. Digər şəxslər son nəticəni aydın görmədikdə, onu görə bilən şəxsə yönəlirlər. Bu yönəlmə məcburi deyil, rasional seçimdir. Çünki qeyri-müəyyənlik şəraitində istiqamət aydınlıq yaradır.
Beləliklə:
İnformasiya üstünlüyü → istiqamət
İstiqamət → təsir
Təsir → liderlik
Liderlik burada təsir (“Nüfuzun gücü” məqaləmə göz gəzdirin) mexanizmi kimi formalaşır. Əgər lider yalnız istiqamət göstərirsə, proses hələ şəxsi təsir səviyyəsində qalır, lakin rol bölgüsü aparıldıqda, məsuliyyət çərçivələri müəyyən edildikdə, qərar mexanizmləri sistemləşdirildikdə idarəetmə yaranır. Bu mərhələdə artıq təsir strukturlaşır.
Nəticə
Eyni hüquq və səlahiyyətə malik şəxslər arasında liderlik formal statusdan deyil, nəticəni görmək və hərəkətləri həmin nəticəyə uyğun qərarlaşdırmaq bacarığından yaranır. İradə hərəkətləri yekuna bükür >> Yekunu görə bilən şəxs istiqamət yaradır >> İstiqamət liderliyi formalaşdırır >> Məsuliyyətin strukturlaşması isə idarəetməni meydana gətirir.
Beləliklə, məcburi yaranan iş (Hərəkətin A-dan B-ə bükülmə ehtiyacı) zamanı məsuliyyətin götürülərək yekunu görə bilmə bacarığı liderliyi yaradır, bunu sistemləşdirən şəxs isə artıq idarəetməni təşkil edir. İdaəetmənin və qərar mexanizmlərinin möhkəmləndirilməsi ilə bağlı səlahiyyət, məsuliyyət, nüfuz, hakimiyyət çərçivələrindən növbəti mövzularda danışacağıq. Bu müşahidələrimin əsas təməli əsgərlik mühitindəki qeydlərim, bəzi ictimai qruplarda etdiyim təcrübələr formalaşdırmışdır.