
4 Divar Azadlıqdır
Bir kənd var idi. Bu kəndin ortasında çox böyük, çox yüksək bir divar ucalırdı. Divarın içində isə kiçik bir göl, yaşıl otlar, meyvə ağacları və sakit bir həyat vardı. Kəndin insanları bu ərazidə rahat yaşayır, uşaqlar oynayır, böyüklər çalışırdı.Halbuki gənclərdən biri Adil hər gün divara baxır və deyirdi:
“Bu divarın o üzündə dəniz var. Mən o dənizi görməliyəm!”
Kəndin müdrikləri ona başa salırdılar ki, divarın içində yaşamaq üçün hər şey var. Sakitlik, yemək, su, təhlükəsizlik. Burada azadlıq da var və öz işini görmək, öz arzularını reallaşdırmaq, lakin Adil dinləmirdi. Onun içində sanki bir səs deyirdi:
“Sən burada dardır, sən daha genişinə layiqsən.”
Nəhayət illərlə çalışıb divarı aşdı. Divarın arxasına keçəndə böyük bir boşluq gördü: nə dəniz vardı, nə də xəyal etdiyi kimi gözəl bir dünya. Sadəcə ucsuz-bucaqsız, sərt torpaq, küləkli və çətin bir düzənlik.
O an başa düşdü ki, dəniz onun içində idi, divarların arasında qurduğu həyatın sakitliyində idi. Çərçivələr ona mane olmamış, əksinə, onun üçün bir dünya yaratmışdı.
Adil geri qayıdanda yalnız bir cümlə dedi:
“Sərhədlər bizi məhdudlaşdırmır, sərhədlərin içində tapdığımız mənalar bizi azad edir.”
Həyatda bəzən hər kəs azadlıq arxasınca qaçır. Azadlıq ideyası insanın əsrlər boyu yaratdığı ən güclü miflərdən biridir. Hüdudlara sığmamaq, qəlibləri dağıtmaq, çərçivələri sındırmaq… Azadlığın rahibləri həmişə ruhun inqilabını, bütün sərhədlərin aşılmasını bir növ qurtuluş kimi təqdim ediblər. Sanki insan yalnız divarları aşanda nəfəs ala bilərmiş kimi.
Lakin paradoks buradadır ki, bəzən çərçivələri qəbul etmək insanı daha çox azad edir. Çünki insan, hüdudlarını bildikcə içində daha rahat hərəkət edir, öz gücünü tanıyır və nəyi idarə edə biləcəyini dəqiq görür. Sonsuzluğun içində itmiş iradə hüdudların içində qərar verməyi, yön tapmağı, məqsədə doğru yeriməyi öyrənir.
Təsəvvür edin ki, böyük və solğun divarlarla əhatə olunmuş bir ərazidəsiniz. Ətraf tam qapalıdır. İnsanlar geri çəkilmədən bu divarları yıxmağa, o taya keçməyə çalışırlar. Bu mübarizədə yorulanlar, sınanlar, gücsüzləşənlər çox olur. Kimisi də bütün gücünü toplayıb divarı aşır.
Halbuki sual yenə qalır: əgər insanın ehtiyacı olan hər şey həmin divarların içində varsa, bütün o çılğın mübarizənin arxasındakı səbəb nədir? Niyə insan bəzən öz dünyasının rahatlığını, dolğunluğunu görmür və mütləq “daha uzaqda nəsə var” düşüncəsinə sarılır?
Cavab sadə, halbuki dərin bir həqiqətdə gizlidir. İnsan çox vaxt azadlıq axtararkən əslində özündən qaçır. Çərçivələrin içində olmaq ona kimliyini göstərir, özünü tanımağa məcbur edir. Divarın o tərəfində isə hələ tanımadığı, üzləşmədiyi bir “öz” var və bəzən insan daha çox bilinməzliyi seçir, çünki öz gerçəyi ilə üzləşməkdən çəkinir.
Azadlıq - sərhədsizlik deyil, azadlıq - sərhədlərin içində mənanı tapmaqdır. Çərçivələri tanıyan və qəbul edən insan hüdudların içində daha güclü, daha sabit və daha azaddır.