
Müqavimətdən Sadiqliyə Gedən Yol
Hər bir insan öz daxili “relsləri” ilə hərəkət edir - bu relslər illər ərzində formalaşmış vərdişlər, inanclar və həyat təcrübələrindən ibarətdir. Bu çərçivə bizə təhlükəsizlik hissi bəxş edir və gündəlik qərarlarımızı istiqamətləndirir.
Lakin bu relslərə xaricdən müdaxilə edildikdə, insanlar təbii olaraq müqavimət göstərirlər. Bu, sadəcə inad deyil bu, psixoloji müdafiə mexanizmidir. Dəyişiklik qarşısında hiss edilən qorxu, bəzən şikayət, əsəb, nifrət və ya passiv müqavimət formasında üzə çıxır.
Müqaviməti Sındırmaq - İlk Qapı
Təcrübə göstərir ki, bu müqavimət sındırıldıqdan sonra insanlar, əvvəllər rədd etdikləri yeniliyi tədricən qəbul edir və hətta zamanla onun ən sadiq tərəfdarına çevrilirlər. Əslində, psixologiyada bu “rədd-qəbul-daxililəşdirmə” prosesidir.
Bir lider və ya strateg kimi, əsas məqsəd yeni davranış qəlibi yaratmaq və bu qəlibi insanlar üçün “yeni normal”a çevirməkdir. Burada açar məqam, müqavimət anında möhkəm dayanmaqdır - sanki yeni qəlibin divarlarını qorumaq kimi.
Liderlikdə “Qəlib Yaratma” Strategiyası
Yeni qəlibin sərhədlərini yaratdıqdan sonra qarşı tərəfin verdiyi reaksiyalar nəzərə alınmadan yeni sərhədlər normalmış kimi davranılmalı və qəlibə məruz qalan insanların inadı qırılanadək bu qəlibə məruz qoyulmalıdır. Göstərilən şikayət kimi reaksiyalar davamlılıq baxımından sönərək bir müddət sonra müqavimətin qırılması ilə yekunlaşacaq. Halbuki müqavimət əsnasında şəxs həmin qəlibə davamlı məruz qalmalı və şəxsin uzaqlaşmağına imkan verilməməlidir.
Müqavimətdən Sadiqliyə
Dəyişiklik, əvvəlcə qorxu yaradır, sonra müqavimət doğurur, lakin doğru strategiya ilə bu müqavimət inancla əvəz olunur. Ən uğurlu liderlər, insanların ilk mərhələdə onlara qarşı çıxdığını bilən, amma prosesi idarə edərək həmin insanları dəyişimin ən güclü müdafiəçilərinə çevirə bilənlərdir.