
Hərəkət və Yekun
Həyat hərəkətlərdən ibarətdir. Hərəkət dayananda həyat da dayanır. İnsan varlığı, düşüncəsi, duyğuları və məqsədləri - hamısı bir növ hərəkətin yekun formalarıdır. Hər bir fikir, istək və arzu, insanın daxilində yaranan və onu yönləndirən iradənin son nöqtəsidir.
Bu hərəkətlər bəzən düşüncələrdə, bəzən qərarlarda, bəzən də sadəcə bir baxışda gizlənir. Hərəkətin özündə görünən sadəlik, əslində, dərin bir yaradıcılığın səssiz ifadəsidir. Lakin bütün bu hərəkətlər, istər maddi, istərsə də mənəvi səviyyədə, bir istiqamətə doğru axır - yekuna. O istiqaməti müəyyən edən isə insanın içindəki iradə və şüurdur.
Yaradıcılıq - bu hərəkətlərin toplanması, cəmlənməsi və vahid bir mənaya çevrilməsi prosesidir. O, dağınıq haldakı enerjini bir nöqtədə birləşdirir, formaya salır və nəticə yaradır. Yaradıcılıq təkcə bir şeyin “yaranması” deyil; o, varlığın hərəkətinin özünü dərk etməsi, hərəkətin öz sonluğuna çevrilməsidir.
Yaradıcılıqda yaranan hər bir yeni şey, əslində, artıq mövcud olan hərəkətlərin yeni kombinasiyasıdır. O, həm başlanğıcı, həm də sonu özündə daşıyır. Yəni hər bir yaradıcılıq aktı - iradənin öz limitində formalaşmış yekundur. Hərəkət bu nöqtədə dayanmaz, o, yeni bir başlanğıca çevrilərək yenidən axmağa başlayır. Beləcə, yaradıcılıq həm son, həm də başlanğıcdır - varlığın dövri tənəffüsüdür.
Beləliklə, həyat - hərəkətin sonsuz axınıdır, yaradıcılıq isə bu axının müəyyən məqamda birləşib şüurda və təsəvvürdə yekuna çevrildiyi andır. Hərəkətsiz həyat yoxdur, lakin hərəkətlərin məna tapdığı nöqtə - yaradıcılıq, həyatın dərinliyini göstərən yeganə göstəricidir.
Və əgər Tanrının mövcudluğunu qəbul ediriksə, o zaman bütün hərəkətlərin mənşəyi və sonu Onun iradəsindən qaynaqlanır. Tanrı - Yaradıcılığın mütləq formasıdır. O, bütün hərəkətləri özündə birləşdirərək yekuna çevirmiş, aləmi bu yekunun təcəssümü kimi yaratmışdır. Hər bir varlıq, hər bir düşüncə, hər bir nəfəs - Onun yaratdığı hərəkətin davamıdır.
İnsanın yaradıcılığı Tanrısal yaradıcılığın kiçik bir əksidir. İnsan hərəkət etdikcə, düşündükcə, formalaşdırdıqca, Tanrının yaratma halını yaşayar. Beləcə, yaradıcılıq insanın Tanrıya yaxınlaşma formasıdır; çünki o, hərəkəti mənaya, mənanı varlığa çevirir.
İnsanın yaşamı da hərəkətlər və öz yaratdıqları yekunlardan ibarətdir. Növbəti yazılarda hərəkətin yekuna axmasından və iradənin hərəkət üzərindəki gücündən bəhs ediləcək.